Ağdamda ''Kiçik və Orta Biznesin Dostu" ofisi fəaliyyətə başlayıb
Martın 15-də Ağdam rayonunda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Kiçik və Orta Biznesin Dostu" ("KOB Dostu") ofisi fəaliyyətə başlayıb. Bununla əlaqədar Ağdam Rayon Heydər Əliyev Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumları üzrə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ölkə başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı, Ağdam rayonunda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə danışıb, "KOB Dostu" mexanizminin sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlayanlara böyük dəstək olacağını bildirib.
KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov çıxışında agentliyin fəaliyyəti və "KOB Dostu" mexanizmi barədə məlumat verib, Azərbaycan Respublikası Prezidentinin "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" strateji xəttinə uyğun olaraq "KOB Dostu" mexanizminin dövlət-sahibkar əməkdaşlıq platforması əsasında formalaşan mühüm layihələrdən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, "KOB Dostu" fəaliyyət göstərdiyi şəhər və rayonlarda mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılmasına, yeni KOB subyektlərinin yaradılması və inkişafına, eləcə də KOB-ların hüquqlarının müdafiəsinə dəstək göstərir. Sonra "KOB Dostu" ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və sahibkarlara göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Tədbir iştirakçıları, həmçinin Ağdam Rayon Heydər Əliyev Mərkəzində "KOB Dostu" ofisi ilə tanış olublar. Ofisdə sahibkarlara agentliyin çoxsaylı xidmətlərinin göstərilməsi üçün lazımi şərait yaradılıb.