Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verilmişdir

01 may 2014 | 10:00

  Ağdam rayonunun Quzanlı qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə tikilmiş 6 mərtəbəli, 54 mənzilli bina Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilmişdir. AzərTAc xəbər verir ki bu münasibətlə keçirilən mərasimdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mənzillə təmin olunan əlil və şəhid ailələrini təbrik etmiş, əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən, Qarabağ müharibəsi veteranlarına, əlillərinə və şəhid ailələrinə dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial rifahının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqətindədir.
Dövlətimizin başçısının ötən ay imzaladığı Fərman və sərəncamlara əsasən, 86 min 452 nəfər şəxsin müavinəti və təqaüdü artırılmışdır.
Bundan əlavə, bu kateqoriyadan olan insanların ödənişli təhsil alan uşaqları 2014-2015-ci tədris ilindən etibarən təhsil haqqından azad edilmişlər. S. Müslümov ölkəmizin ərazi bütövlüyü, müstəqilliyinin müdafiəsi və 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin minik avtomobilləri ilə təmin olunması istiqamətində görülən tədbirlər haqqında da məlumat vermişdir. Bildirmişdir ki, son üç həftə ərzində Qarabağ müharibəsi və 20 Yanvar hadisələri zamanı əlil olmuş 300 nəfər avtomobillə təmin edilmişdir. Növbədə olan Böyük Vətən müharibəsi və Çernobıl əlillərinin də yaxın müddətdə xüsusi avtonəqliyyatla təminatı üçün tədbirlər həyata keçiriləcəkdir. Qeyd olunmuşdur ki, indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur. Cari ildə Ağdam ilə yanaşı, Bərdə, Goranboy, Tərtər, Beyləqan, İmişli və Şamaxı rayonlarında da çoxmənzilli binalar istifadəyə veriləcəkdir.
Tədbirdə çıxış edən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri mənzillə təmin edilmələrini həyatlarının ən sevincli hadisələrindən biri olduğunu deyərək, göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra binaya baxış keçirilmişdir. Buradakı mənzillər su, qaz, istilik sistemi, mətbəx mebeli ilə təmin edilmiş, həyətində abadlıq işləri aparılmışdır.

Keçidlər