Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonumuza səfər edən Beynəlxalq Miqrasiya Təşkilatının və Koreya Beynəlxalq Əməkdaşlıq agentliyinin Azərbaycan Respublikasındakı nümayəndə heyətini qəbul etmişdir.
16 fevral 2022-ci il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyin Koreya Beynəlxalq Əməkdaşlıq agentliyinin maliyyə dəstəyi ilə 2018-ci il iyun ayından etibarən “Azərbaycanda Kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatının inteqrə edilmiş inkişafı” adlı layihəsi çərçivəsində rayonumuza səfər edən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin missiya rəhbəri Vladimir Gjorgjiev, Koreya Beynəlxalq Əməkdaşlıq agentliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru Moon, Jong Hyun və meneceri Haerang Jeonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı Ağdam ərazisində bərpası nəzərdə tutulan kəhrizlərdə aparılan işlərin gedişatı müzakirə edildi. Bildirildi ki, “Şəmsi”- Mirəşelli, “Çinarlı”- Kolqışlaq, Mirəşelli, “Heyvalı-1”-Əhmədağalı, Kolqışlaq, “Qozlu”-Bənövşələr, Kolqışlaq, Əhmədağalı, Çıraqlı, “Xanəhməd”- Kolqışlaq, Qurdlu-Kolqışlaq kəhrizlərində işlər yekunlaşaraq istifadəyə verilmiş, “Vəlibəy”-Baharlı, Mirəşelli, Yusifli, “Bala Bino”- Səfərli, “Heyvalı-2”- Əhmədağalı, Kolqışlaq, “Göylən” – Baharlı kəhrizlərində isə işlər davam etdirilir. Görüş zamanı heç bir enerji sərf edilmədən rayon əhalisinə xidmət edəcək kəhrizləri bərpa etdiklərinə görə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərliyinə və Koreya Beynəlxalq Əməkdaşlıq agentliyinin“Azərbaycanda Kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatının inteqrə edilmiş inkişafı” layihəsinin rəhbərliyinə rayon ictimaiyyəti adından minnətdarlıq bildirilmişdir. O cümlədən, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov nümayəndə heyətinə rayon rəhbərliyi tərəfindən gələcəkdə işlərin davam etdirilməsi üçün lazımı dəstəyi göstərəcəyini bildirmişdir. Nümayəndə heyətinin rəhbərliyi yüksək qonaqpərvərliyə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirmiş və gələcəkdə də bu cür layihələrin həyata keçirilməsinə yardımçı olacaqlarını bildirmişlər.