Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının yeni təyin edilmiş sədrinin təqdimat mərasimi keçirilib
16 fevral 2022-ci ildə Ağdam rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının yeni təyin edilmiş sədrinin təqdimat mərasimi keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri təyin edilmiş Mansur Quliyevi rayon ictimaiyyətinə təqdim etmişdir.
Təqdimat mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkiltaların rəhbərləri, ictimaiyyət nümayəndələri və partiya fəalları iştirak ediblər.
Əvvəlcə mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül-çiçək dəstələri düzülüb.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının tarixən zəngin və şərəfli inkişaf yolu keçdiyini bildirib.Yeni Azərbaycan Partiyasının bu gün regionda və ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini birləşdirdiyini vurğulayıb. Yeni Azərbaycan Partiyasının hakim siyasi partiya olaraq ölkəmizdə və xaricdə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getdiyini, daim Azərbaycan siyasi sisteminə yeniliklər gətirdiyini bildirib.
Vaqif Həsənov YAP Ağdam rayon təşkilatının yeni sədri Quliyev Mansur Söhbət oğlunun tərcümeyi-halı ilə tədbir iştirakçılarını tanış edib, onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən partiya fəalları Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm partiyanın həm də dövlətimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib, YAP Ağdam rayon təşkilatının yeni təyin edilən sədrinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev çıxış edərək, ona göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildirib və bu məsuliyyətli etimadı layiqincə doğruldacağını, Yeni Azərbaycan Partiyasının sıralarına intellektual səviyyəyə malik olan gənclərin cəlb ediləcəyini vurğulayıb.
Tədbirin sonunda RİH başçısı YAP Ağdam rayon təşkilatının avtomobillə təmin edilməsi üçün aidiyyəti üzrə göstəriş vermişdir.