Ağdam rayonunda Yeni tədris ili ilə əlaqədar tədbir keçirilmişdir
Bütün ölkə ərazisində olduğu kimi Ağdam rayonunda da sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində yerləşən 2 saylı köçkün tam orta məktəbində tədbir keçirilmişdir.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov, Aparatın əməkdaşları, Rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak etmişdir. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni oxunub, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək müəllimləri və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Vaqif Həsənov həmçinin ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşaasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmış, ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsini daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulamışdır.
Daha sonra çıxış edən məktəbin direktoru Tünzalə Vəliməmmədova tədbir iştirakçılarını salamlayaraq təhsilə göstərilən dövlət qayğısına görə ölkə prezidenti cənab İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda məktəblilərin ifasında xüsusi ədəbi-bədii kompozisiya nümayiş olunub.