Amil Cavadov: “Dünya birliyi bu məsələdə işğalçı Ermənistana qarşı lazımi addımlar atmır.
“22 il bundan öncə törədilən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biridir”. Bu fikirləri SİA-ya YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov söyləyib.
“Xocalı faciəsi təsadüfi hadisə deyildi, təsadüfi törədilmədi. Bu, iki əsrdən artıq müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Bu soyqırım öz ağırlığına, vəhşiliyinə, amansızlığına görə bəşəriyyətə qarşı törədilən cinayətlər sırasında xüsusi yer tutur” - deyən Amil Cavadov təəssüf hissi ilə onu da vurğulayıb ki, bu soyqırımı törədənlər hələ də cinayət məsuliyyətinə cəlb olunmayıb, hələ də dünya birliyi bu məsələdə işğalçı Ermənistana qarşı lazımi addımları atmır: “Bu hadiəsədə xüsusilə əlləri qana bulaşanlar bu gün Ermənistanda hakimiyyətdə təmsil olunurlar.
Bu da bir daha onu təsdiq edir ki, Ermənistanda hazırda hakimiyyətdə oturanlar terrorçulardan ibarətdir”.
YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri qeyd edib ki, bu gün Azərbaycan gəncliyinin qarşısında duran əsas vəzifələrdən biri Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu təbliğində fəal iştirak etməkdir: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan və artıq 5 ildir ki, uğurla davam etdirilən “Xocalıya ədalət” kampaniyası artıq öz effektini, bəhrəsini verməkdədir. Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində görülən işlərin səmərəli nəticəsi olaraq Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovinanın parlamentlərində də Xocalı soyqırımı rəsmən tanınıb. Həmçinin, ABŞ-ın Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Vest Virciniya və Konnektikutun ştatları bu soyqırımı rəsmən tanıyıblar. Əminəm ki, həyata keçirilən işlərin, aparılan təbliğatın davamlılığı Azərbaycanın haqq səsinə dəstək verəcək ölkələrinin sayının dünyada daha da artması ilə nəticələnəcək”.
İntizarə Məmmədova