FHN Qarabağ Regional Mərkəzində şəhid və qazi övladları üçün “Açıq qapı günü” keçirilib
26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi tərəfindən nazirliyin Qarabağ Regional Mərkəzində Vətən müharibəsi şəhidləri və qazilərinin övladları üçün “Açıq qapı günü” keçirilib.
Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə keçən tədbirdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev, nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini, polkovnik Məhbubə Mustafayeva, Ağdam rayon Polis şöbəsinin rəisi, polis polkovniki Pərviz İsmayılov, Ağdam rayon Təhsil şöbəsinin müdir əvəzi Bayram Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissə bitdikdən sonra Ağdam Musiqi Məktəbinin şagirdlərinin maraqlı çıxışı olub.
Sonra uşaqlar arasında şeir müsabiqəsi keçirilib, qaliblər müəyyən edilib.
“Açıq qapı günü”ndə “Fövqəladə hallar uşaqların gözü ilə” rəsm müsabiqəsinin qaliblərinin əl işlərindən ibarət sərgi uşaqların böyük marağına səbəb olub. Daha sonra nazirliyin Qarabağ Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Nazirliyin psixoloqları tərəfindən təşkil olunmuş intellektual oyun və qrup yarışları da maraqla qarşılanıb.
Tədbirin sonunda uşaqlara hədiyyələr və FHN işçilərinin Həmkarlar İttifaqının Fəxri fərmanı təqdim olunub.