Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının təşkilatçıları və icraçıları öz layiqli cəzalarını alacaqlar

27 fevral 2014 | 11:00

Ağdam rayonunun Quzanlı qəsəbəsində Xocalı faciəsinin 22-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Şəhidlər” abidə-kompleksi önünə tər qərənfillər düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad etmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Ağdam Dram Teatrında davam edən tədbir Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Rayon icra hakimiyyəti başçısının müavini Ağa Zeynalov çıxış edərək, Xocalı şəhərində törədilən qırğının acı nəticələri barədə danışmışdır. Bildirilmişdir ki, həmin gün 613 nəfər, o cümlədən 106 qadın və 63 uşaq xüsusi amansızlıqla qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, 8 ailə tamamilə məhv edilmiş, 21 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirmiş, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Mərasimdə çıxış edən Xocalı sakinlərinin xilas edilməsində iştirak etmiş keçmiş döyüşçü Oruc Cabbarov erməni silahlılarının törətdikləri qanlı cinayətlərdən, günahsız insanların başına gətirdikləri müsibətlərdən danışmışdır.
Yığıncaqda əminliklə vurğulanmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə qüdrətlənən Azərbaycanın haqq işi qalib gələcək, torpaqlarımız erməni işğalından azad ediləcək, Xocalı soyqırımının təşkilatçıları və icraçıları öz layiqli cəzalarını alacaqlar.
Tədbir məktəblilərin ifasında ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.
Həmin gün Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ehsan süfrəsi açılmışdır.

Keçidlər