Azərbaycan gəncliyi Xocalı soyqırımını heç vaxt unutmayacaqdır “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Ağdam Sosial-İqtisad Kollecində Xocalı faciəsinin 22-ci ildönümü qeyd olunmuşdur.
AzərTAc xəbər verir ki, kollecin müəllim və tələbələrinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyini həmtəsisçisi Zahid Əkbərov, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov, kollecin direktoru Fəxrəddin Zamanov çıxış edərək,
22 il əvvəl erməni silahlı dəstələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində törətdikləri qırğının acı nəticələrindən, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılması, “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlərdən, bu sahədə gənclərin qarşısında duran vəzifələrdən danışmışlar. Tədbirdə çıxış edən tələbələr bildirmişlər ki, Azərbaycan gəncləri, eyni zamanda bəşəriyyətə qarşı amansız cinayət olan Xocalı soyqırımını heç vaxt unutmayacaq, ədalət bərpa olunana qədər bu vəhşiliyin dünyaya bəyan edilməsi üçün mübarizə aparacaqlar.