Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ müharibəsində ilk şəhidlərimizin xatirəsi anılmışdır

25 fevral 2014 | 11:00

  “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Ağdam rayonundakı Şəhidlər abidəsi önündə Qarabağ müharibəsində ilk şəhidlərimiz olan Əli Hacıyevin və Bəxtiyar Quliyevin xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir. AzərTAc xəbər verir ki, mərasim iştirakçıları abidə önünə gül-çiçək qoymuş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.  İctimai Birliyin həmtəsisçisi Zahid Əkbərov, şəhid Əli Hacıyevin qardaşı Arif Hacıyev və başqaları tədbirdə çıxış edərək 1980-ci illərin sonlarında ermənilərin Dağlıq Qarabağdakı separatçı fəaliyyətindən, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından, apardığı işğalçılıq siyasətindən danışmışlar.
Bildirilmişdir ki, 1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin İcraiyyə Komitəsində yalnız erməni deputatların iştirakı ilə keçirilən növbədənkənar iclasda vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edilmişdir. Həmin vaxt ermənilər Xankəndidə mitinq keçirərək Azərbaycana qarşı iddiaları səsləndirmişlər. Fevralın 22-də ermənilərin əsassız ərazi iddialarına və separatçı çıxışlarına etiraz olaraq Ağdamdan Xankəndinə gənclərin əliyalın yürüş keçirilmişdir. Əskəran ərazisində yürüşçülərə açılan atəş nəticəsində iki gənc - Əli Hacıyev və Bəxtiyar Quliyev qətlə yetirilmişdir. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk şəhidləri oldular.  1988-1989-cu illərdə Ermənistanda öz tarixi-etnik torpaqlarında yaşamış 250 min nəfərdən çox azərbaycanlı deportasiya olunmuşdur. 1988-ci ildən başlayaraq Qarabağın dağlıq hissəsində azərbaycanlıların öldürülməsinə, öz tarixi-etnik ərazilərindən qovulmasına başlanılmışdır. Erməni silahlıları tərəfindən Qarabağda azərbaycanlıların yaşadıqları Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Xocalı və digər yaşayış məntəqələrində kütləvi qətllər törədilmişdir. Bu faciələrin sayı getdikcə daha da çoxalmış və Dağlıq Qarabağla yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.
Çıxış edənlər Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini qətiyyətlə pisləmiş, düşmən tapdağı altında olan bütün torpaqlarımızın azad ediləcəyinə, şəhidlərin qanının yerdə qalmayacağına əminliklərini bildirmişlər.

Keçidlər