Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına başlanılıb

17 aprel 2021 | 11:00

Aprelin 17-də Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına başlanılıb.
Heyvan kəsimi məntəqəsinin tikintisinə başlanılması münasibətilə keçirilən mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) aparat rəhbəri Elxan Mikayılov, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak ediblər. Bildirilib ki, yeni qurulacaq heyvan kəsimi məntəqəsi işğaldan azad olunmuş ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunması, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət göstərəcək. İnşasına başlanan yeni heyvan kəsimi məntəqəsi zoonoz xəstəliklərin nəzarətdə saxlanılması, heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazidə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin daha səmərəli təşkil olunmasına köməklik göstərəcək.
Müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin yaradılması ilə bağlı əvvəlcədən müvafiq qurumlarla birgə təşkilati işlər həyata keçirilib, xidmətin daha effektiv təşkili üçün zəruri amillər nəzərə alınıb. Mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, “ABAD” publik hüquqi şəxs müasir heyvan kəsimi məntəqəsinin gələcək fəaliyyətində cəlb olunacaq iştirakçıların seçimini təşkil edəcək, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndirib, ət kəsimi sahəsi üzrə “ABAD”çılar yetişdirəcək və onlara “ABAD” dəstək proqramına daxil olan xidmətlər göstərəcək. AQTİ laboratoriyalarının da fəaliyyət göstərəcəyi müasir heyvan kəsimi məntəqəsində kəsimə və dövriyyəyə çıxarılacaq ət və ət məhsullarına baytarlıq-sanitariya nəzarəti həyata keçiriləcək.
Qeyd edək ki, Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərəcək yeni kəsim məntəqəsi yerli sahibkarlara peşəkar dəstəyin göstərilməsinə və müasir tələblərə cavab verən xidmətlərin təşkilində yeni imkanlar yaradacaq. Məntəqədə fəaliyyət göstərəcək sahibkarların, eləcə də işə cəlb ediləcək işçi heyətin təlimləri Agentliyin əvvəl icra etdiyi layihələrdən əldə olunan təcrübə əsasında aidiyyəti qurumlarla birgə həyata keçiriləcək.

Keçidlər