Cəbhə bölgəsinə qayğı dövlət başçısının diqqət mərkəzindədir
Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin həyat şəraitini hər vasitə ilə yaxşılaşdırmağı özünün çoxtərəfli və mürəkkəb fəaliyyətində daim prioritet istiqamət olduğunu dəfələrlə bəyan etmişdir. Xalq tərəfindən birmənalı şəkildə bəyənilən və müdafiə olunan bu siyasətin nəticələri tarixə çevrilmiş 2013-cü ildə də özünü qabarıq şəkildə göstərmişdir. Ağdam rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş yığıncaqda qaçqın və məcburi köçkünlərə ildən-ilə artan dövlət qayğısı dönə-dönə vurğulanmışdır.
Yığıncaqda çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov dövlət başçısının cəbhə bölgəsinə, ərazisinin dörddəüçü Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Ağdama xüsusi qayğı və diqqətinin bölgədə yaratdığı xoş əhval-ruhiyyədən, yüksələn döyüş ruhundan, böyük qələbənin tezliklə reallaşacağına artan inamdan minnətdarlıqla söz açmışdır. 2013-cü ildə 20 min nəfər məcburi köçkünün hərtərəfli şəraitə malik mənzillərlə təmin edilməsi razılıqla qeyd olunmuşdur. Yığıncaq iştirakçılarının nəzərinə çatdırılmışdır ki, 2014-cü ildə də təxminən bir o qədər məcburi köçkün üçün yeni mənzillər inşa olunacaqdır.
Nikbin ruhda keçən yığıncaqda dövlət büdcəsinin Ermənistanın dövlət büdcəsini 10 dəfə üstələməsi, Ermənistanın düşdüyü ağır sosial-iqtisadi durumdan çıxa bilməməsi, bütün sahələrdə qüvvələr nisbətinin respublikamızın xeyrinə olması, ölkəmizdə güclü hərbi texnikaya malik qüdrətli ordunun yaradılması Prezident İlham Əliyevin apardığı son dərəcə müdrik, uzaqgörən siyasətin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda sərgilədiyi qətiyyətli və prinsipial mövqeyin məntiqi nəticəsi kimi qiymətləndirilmişdir.
Dövlətin artan qayğısından güc alan ağdamlılar 2013-cü ildə böyük uğurlara imza atmış, tikinti, abadlıq və quruculuq sahəsində təqdirəlayiq işlər görmüşdülər. Əhmədağalı kənd tam orta məktəbində bərpa-gücləndirmə işləri başa çatdırılmış, 119 saylı Ağdam kənd seçki dairəsi üçün yeni inzibati bina inşa edilmiş, rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunmuş, Üçoğlan inzibati ərazi dairəsinin Ortaqışlaq kəndində tibb məntəqəsi, rayon telekommunikasiya qovşağının inzibati binası tikilib istifadəyə verilmişdir. Xındırıstan kənd uşaq musiqi məktəbinin, Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli, 6 mərtəbəli yaşayış binasının, Əfətli kənd 360 şagird yerlik, Həsənxanlı kənd 120 şagird yerlik, Birinci Baharlı kənd 160 şagird yerlik, Hacıməmmədli kənd 120 şagird yerlik tam orta məktəblərin tikintisi davam etdirilir. Dördyol-Mamırlı ərazisində uzun müddətdən bəri çiy kərpicdən və qamışdan tikilmiş yeraltı qazmalarda ağır şəraitdə yaşayan ağdamlı məcburi köçkünlər üçün İmamqulubəyli qəsəbəsinin yaxınlığında 632 ailəlik yeni qəsəbənin tikintisinə başlanmışdır.
2013-cü ildə abadlıq işlərinə böyük önəm verilmiş, Bənövşələr qəsəbəsində park və Quzanlı qəsəbəsində unudulmaz alim Xudu Məmmədovun adını daşıyan yaraşıqlı park salınmışdır. Hesabat ilində Heydər Əliyev prospektinin Quzanlı qəsəbəsindən Bayraq Meydanına qədər olan hissəsində yüksək zövqlə abadlıq-quruculuq və tikinti işləri aparılmış, Xaçın çayı üzərindəki körpü əsaslı, Zəngişalı, Mirəşəlli, Xındırıstan, İmamqulubəyli, Üçoğlan, Hacıməmmədli kəndlərinin yolları cari təmir olunmuş, qəsəbə və kəndlərdə yol kənarlarına xeyli bəzək ağacları və gül kolları əkilmişdir.
Əhalinin həyat şəraitinin yaxşılaşdır
ılması məqsədilə ötən il bir sıra zəruri tədbirlər görülmüşdür. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına son dörd ildə 1200, 2013-cü ildə isə 244 məcburi köçkün ailəsinin evi təmir olunmuşdur.
Qoşunların təmas xəttinin 3 kilometrliyində yaşayan əhalinin sosial şəraitinin yaxşılaşdırılması, müharibədən zərər çəkmiş evlərin bərpa və təmir olunması üçün Bərpa Agentliyi mütəxəssislərinin iştirakı və xüsusi komissiya vasitəsilə tərtib olunmuş siyahı əsasında evlərin təmirinə və tikintisinə başlanmışdır. 2013-cü ildə Qərvənd kəndində 10 ədəd yeni ev tikilmiş, 73 evə baxış keçirilərək əsaslı təmir olunması üçün rəy verilmişdir. Dövlət qayğısının əhatə dairəsi xeyli genişdir. Əhmədağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxil olan kəndlərdə 33 yeni ev tikilmiş, 3 ev bərpa edilmiş, 30 evin əsaslı təmir olunması üçün agentlik tərəfindən ev sahiblərinə tikinti materialları verilmişdir.
Rayon əhalisini narahat edən sosial problemlərin uğurlu həlli istiqamətində görülən məqsədyönlü tədbirlər razılıq doğurur. Yaxşı haldır ki, rayonun yaşayış məntəqələri demək olar ki, təbii qazla tam təmin olunmuşdur. Hazırda rayon üzrə 16092 abonent mavi yanacaqdan istifadə edir. İl ərzində istehlakçılara 21,8 milyon kubmetr qaz satılmışdır ki, onun da dəyəri 100 faiz ödənilmişdir. Rayon əhalisinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi adi normaya çevrilmişdir. Əhalinin içməli suya və suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində işlər müvəffəqiyyətlə davam etdirilir. Çox sayda kəndlərə və qəsəbələrə yeni içməli su xətləri çəkilmiş, köhnə xətlər bərpa edilmişdir. Keçən il Birinci Quzanlı qəsəbəsində, Kolqışlaq və Mirəşəlli kəndlərinin hər birində 1 ədəd, bütövlükdə ayrı-ayrı kəndlərdə 11 ədəd subartezian quyusu qazılmışdır. 2014-cü ildə isə daha 18 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulur.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində Ağdam rayonunun təsərrüfatları təbii su mənbələrindən demək olar ki, tamamilə məhrum olmuşdur. Suvarma suyuna olan tələbatın ödənilməsində əsas ağırlıq isə uzun illərdən bəri rayon Subartezian quyularının istismarı idarəsinin üzərinə düşür. Hazırda bu ehtiyac 753 ədəd subartezian quyusunun və 3 nasos stansiyasının vasitəsilə ödənilir. Birbaşa məcburi köçkünlərə xidmət edən 91 ədəd subartezian quyusu saz və işlək vəziyyətdədir.
Ağdamlılar bütün zamanlarda işgüzarlıqları, qibtəolunacaq bacarıqları ilə fərqlənib, ələbaxımlıqdan uzaq olublar. Rayonda mövcud ehtiyat mənbələrindən təsərrüfatçılıqla istifadə olunmasının nəticəsidir ki, keçən il ümumi məhsul istehsalının həcmi 113,1 milyon manat olmuşdur ki, bu da əvvəlki ildəkindən 752 min manat çoxdur.
2013-cü ildə 1558 yeni iş yeri açılmışdır ki, bunun 872-si daimidir.
Rayonda sahibkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır. Bu sahəyə göstərilən qayğı və diqqətin nəticəsidir ki, il ərzində 832 nəfər fiziki, 40 nəfər isə hüquqi şəxs qeydiyyatdan keçmişdir. Ayrı-ayrı kredit təşkilatları tərəfindən 6554 nəfərə müxtəlif həcmli kreditlər verilmiş, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 38 layihə həyata keçirilmiş, 54 yeni iş yeri açılmışdır.
2013-cü il təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafında mühüm mərhələ olmuşdur. Dövlət qayğısı istər təhsil, istərsə də səhiyyə sahəsində maddi-texniki bazanın əsaslı şəkildə möhkəmlənməsini təmin etmişdir. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir zamanda Ağdamın ümumtəhsil məktəblərində gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə böyük önəm verilməsi, bu sahədə ardıcıl və sistemli tədbirlər həyata keçirilməsi təqdirəlayiqdir.
Bu gün ölkəmizin hər yerində olduğu kimi, Ağdam rayonunda da ictimai-siyasi sabitlik hökm sürür. Mövcud sağlam mənəvi-psixoloji mühit rayon əhalisinin böyük qələbəyə ümidlərini artırır. Prezident İlham Əliyevin qayğı və diqqətini yüksək dəyərləndirən ağdamlılar həmişə olduğu kimi, bu gün də Heydər Əliyev siyasi kursuna sadiqdirlər. Onlar inanırlar ki, seçilən yol tezliklə Qarabağa böyük qayıdışı təmin edəcəkdir.
Lazım QULİYEV,
"Azərbaycan"