Ağdam rayonunda uşaq bağçalarının açılışına hazırlıq başa çatıb
Son vaxtlarda ölkədə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar fevralın 15-dən Ağdam rayonu üzrə 40 uşaq bağçasından 34-ü fəaliyyətini davam etdirəcək. 6 bağça müharibədən zərər çəkdiyi üçün tədrisə başlamayacaq.
Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən hazırlıq tədbirləri həyata keçirilib.
Bununla əlaqədar Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görülüb. İşçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.
Bütün bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib.
Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılıb. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılaraq, burada mütəmadi dezinfeksiya işləri aparılacaqdır.
Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub.