Ağdamda ötən ilin yekunları müzakirə olunmuşdur
Ağdam rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
AzərTAc xəbər verir ki, yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül-çiçək düzmüş, 2013-cü ildə rayonun sosial-iqtisadi göstəriciləri əks olunmuş stendlərə və videoslayda baxmışlar.
Ağdam Dram Teatrında keçirilən yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilmiş, ötən il rayonda tikinti-abadlıq işlərinin davam etdirildiyi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüldüyü diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, hesabat ilində 119 saylı Ağdam kənd seçki dairəsi üçün yeni inzibati bina, Ortaqışlaq kəndində tibb məntəqəsi tikilərək istifadəyə verilmiş, telekommunikasiya qovşağının inzibati binasının inşası başa çatmış, Əhmədağalı kənd tam orta məktəbi, mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsinin binası əsaslı təmir edilmişdir. Məcburi köçkünlər üçün 632 ailəlik yeni qəsəbənin tikintisinə başlanılmışdır. Heydər Əliyev prospektinin Quzanlı qəsəbəsindən Bayraq Meydanına qədər olan hissəsində abadlıq, quruculuq işləri aparılmış, Xaçın çayı üzərindəki körpü əsaslı təmir olunmuşdur. Hazırda Xındırıstan kənd uşaq musiqi məktəbinin, Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli
6 mərtəbəli yaşayış binasının, Əfətli, Həsənxanlı, Birinci Baharlı və Hacıməmmədli kəndlərində məktəb binalarının tikintisi davam etdirilir.
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən rayonun təmas xəttindən 3 kilometr məsafədə yerləşən kəndlərdə müharibədən zərər çəkmiş evlərin bərpasına başlanmışdır.
Qeyd olunmuşdur ki, 2013-cü ildə rayonun sosial-iqtisadi inkişaf dinamikası saxlanılmış, ümumi məhsul buraxılışının həcmi ötən illə müqaisədə 0,7 faiz artaraq 113,1 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsulunun həcmi 4,9 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi
79,2 milyon manat, ticarətin dövriyyəsi 9 milyon manat olmuş, əsas kapitala 18,7 milyon manat vəsait yönəldilmişdir. İl ərzində 872-si daimi olmaqla 1558 yeni iş yeri açılmışdır.
Yığıncaqda aqrar sahədə qazanılan uğurlardan danışılarkən diqqətə çatdırılmışdır ki, hesabat ilində 51 min 539,7 ton taxıl, 46 min 795 ton tərəvəz, 8320 ton kartof, 4890 ton bostan, 4048 ton qarğıdalı, 1300 ton şəkər çuğunduru istehsal edilmişdir. Rayon üzrə iri buynuzlu mal-qaranın sayı 37 min 530 başa, qoyun və keçilər 105 min 169 başa çatmış, əvvəlki illə müqaisədə ət istehsalı 147,3 ton, süd istehsalı 3766 ton artmışdır.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə il ərzində 1074 baş inək və düyə süni yolla mayalandırılmış, 870 baş sağlam bala alınmışdır.
Toplantıda təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində həyata keçirilmiş tədbirlərdən də danışılmış, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində xeyli iş görüldüyü bildirilmişdir.
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunmuş, qarşıda duran vəzifələr müəyyən edilmişdir. Bildirilmişdir ki, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd, Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli, Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yollarının yenidən qurulmasına, Xındırıstan, Zəngişalı və Üçoğlan kənd tam orta məktəblərinin əsaslı təmir olunmasına, əhalinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün əlavə 18 subartezian quyusunun qazılmasına ehtiyac vardır.
Yığıncaqda çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Pənah Cahangirov 2013-cü ildə respublikada görülən işlərdən və əldə edilən uğurlardan, habelə qarşıda duran vəzifələrdən danışmışdır.
Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.