Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamlı gənclər rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər

21 yanvar 2014 | 11:00

Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların dövlət quruculuğu işinə cəlb olunmaları, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradılmışdır. Respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da dövlət gənclər siyasəti uğurla həyata keçirilir.
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov AzərTAc-a bildirmişdir ki, ağdamlı gənclər yola saldığımız 2013-cü ildə rayonun ictimai-siyasi həyatında fəal iştirak etmişlər. YAP Ağdam rayon təşkilatı Gənclər Birliyi tərəfindən mütəmadi olaraq gənclərlə ağsaqqalların görüşləri təşkil olunmuş, 20 Yanvar faciəsinin ildönümü, Gənclər Günü, Milli Qurtuluş Günü və digər əlamətdar günlərlə bağlı müxtəlif tədbirlər keçirilmişdir.
YAP Ağdam rayon təşkilatı Gənclər Birliyi “Xocalıya ədalət” kampaniyası çərçivəsində e-mail aksiyası keçirmiş, ingilis dilində hazırlanmış və Xocalı faciəsi haqqında məlumatların əks olunduğu müraciət 1500-dən artıq elektron ünvana, o cümlədən ABŞ Dövlət Departamentinin müxtəlif qurumlarına, senator və konqresmenlərə, beynəlxalq təşkilatlara, hüquq müdafiəçilərinə, diplomatik nümayəndəliklərə, kütləvi informasiya vasitələrinə göndərilmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, “Xocalıya ədalət”
beynəlxalq təbliğat-təşviqat kampaniyasının və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin dəstəyi ilə “Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə” adlı layihədə ağdamlı gənclər fəal iştirak etmişlər. Bu layihə sosial şəbəkələrdə gənclər tərəfindən geniş yayılmışdır. Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə əlaqədar “e-mail hücum”
adlı aksiya, 9 noyabr - Bayraq Günü münasibətilə bayraq aksiyası keçirilmişdir.
YAP Gənclər Birliyi tərəfindən hər il təşkil olunan yay və qış məktəblərində rayonun fəal gənclərinin iştirakı təmin edilmişdir. Müxtəlif rayonlardan gənclərlə dostluq münasibətlərinin qurulması üçün həm Ağdam, həm də digər rayonlarda gənclərin görüşləri təşkil olunmuşdur.
Azərbaycanda səfərdə olan müxtəlif ölkələrin gənclərinin Ağdam rayonu ilə tanışlığını təmin etmək, onlara Qarabağın işğalı haqqında məlumatların çatdırılması istiqamətində də tədbirlər həyata keçirilmişdir.
Rayon ərazisindəki hərbi hissələrdə, ön xəttə xidmət edən əsgərlərlə mütəmadi olaraq görüşlər keçirilmiş, bayram günlərində əsgərlərə sovqatlar aparılmış, şənliklər, eləcə də əsgərlərin rayonla tanışlığı təşkil edilmişdir.
Ağdamlı gənclər 2014-cü ildə də rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirak edəcək, Vətənimizin çiçəklənməsi və qüdrətlənməsi naminə var qüvvə ilə çalışacaqlar.

Keçidlər