Ağdamda səhiyyə xidmətinin səviyyəsi yüksəlir
Ağdam rayonunda əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi yüksəlir, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı istiqamətində işlər davam etdirilir. AzərTAc xəbər verir ki, bu fikir rayonun səhiyyə işçilərinin ötən ilin yekunlarına dair hesabat yığıncağında səslənmişdir. Ağdam mərkəzi rayon xəstəxanasının baş həkimi Gülnar Abbasova hesabat məruzəsində bildirmişdir ki, son bir neçə ildə mərkəzi rayon xəstəxanası, uşaq xəstəxanası, doğum evi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası üçün binalar tikilib istifadəyə verilmiş, səhiyyə müəssisələri müasir avadanlıqla təmin edilmişdir. Yola saldığımız 2013-cü ildə poliklinika şöbəsi əsaslı təmir olunmuş, Ortaqışlaq kəndində yeni tibb məntəqəsi, Bakı şəhərində məcburi köçkünlərin məskunlaşdıqları Müşfiqabad qəsəbəsində yeni həkim məntəqəsi, Bərdə ərazisində yeni tikilmiş qəsəbədə ambulatoriya istifadəyə verilmişdir.
Bildirilmişdir ki, ötən il mərkəzi rayon xəstəxanasının cərrahiyə şöbəsində 590 böyük, 587 xırda əməliyyat, 300 sünnət əməliyyatı, doğum evində 109 qeysər kəsiyi əməliyyatı, göz xəstəxanasında 119 göz əməliyyatı aparılmışdır. İl ərzində mərkəzi rayon xəstəxanası üzrə 643 min 847 xəstə qəbul olunmuş, ambulator–poliklinika, ana və uşaqlara göstərilən tibbi xidmət sahəsində xeyli irəliləyiş əldə edilmişdir. Xəstəxananın stasionar şöbəsinə daxil olmuş 1645 xəstənin hamısı sağalaraq evə yazılmışdır.
Yığıncaqda çıxış edənlər səhiyyənin inkişafına dövlət qayğısından, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsindən və səhiyyə işçilərinin qarşısında duran vəzifələrdən danışmışlar.