Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Ağdam rayonunda təhsil sahəsində uğurlu nəticələr qazanılmışdır

16 yanvar 2014 | 11:00

AzərTAc xəbər verir ki, bu fikir rayonun təhsil işçilərinin ötən ilin yekunlarına dair hesabat yığıncağında səslənmişdir.
Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova hesabat məruzəsində bildirmişdir ki, rayonda 139 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 34 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Rayonda 18 min 654 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3793 nəfər müəllim məşğul olur.
Ötən il rayonun Alıbəyli, Hacıturalı, Qaradağlı, Çəmənli və Əhmədağalı kənd tam orta məktəbləri əsaslı təmir edilərək, yeni avadanlıqla təmin olunmuşdur. Cari ildə Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbədə 1296 yerlik yeni məktəb binası 33 nömrəli Ağdam məcburi köçkün tam orta məktəbinin, Mingəçevir şəhərində salınmış qəsəbədə 440 yerlik yeni məktəb binası 52 nömrəli köçkün tam orta məktəbinin, Bərdə rayonu ərazisində salınmış qəsəbədə 540 yerlik məktəb binası 1 nömrəli köçkün tam orta məktəbinin istifadəsinə verilmişdir. Hazırda rayonun Həsənxanlı, Hacıməmmədli, Əfətli və Birinci Baharlı kənd tam orta məktəbləri üçün yeni məktəb binaları inşa edilir.
Hər il olduğu kimi, cari dərs ilində də rayonun məktəblərinə yeni dərsliklər verilmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 1-ci sinif şagirdləri üçün göndərilmiş 1675 ədəd məktəbli forması, həmçinin 200 ədəd parta, 50 ədəd stol, 150 ədəd stul, 45 ədəd yazı lövhəsi məktəblərə çatdırılmışdır.
Ötən il ümumtəhsil məktəblərini bitirmiş 1169 məzundan 620 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarda iştirak etmək üçün sənəd vermiş və onlardan 357-si ali təhsil müəssisələrinə, 82-si isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Tələbə adını qazanan gənclərdən 38 nəfəri 500-600 arası, 11 nəfəri isə 600-dən çox bal toplamışdır. Rayonun müəllimlərindən Aynur Zülfüqarova ötən dərs ilində, Firəngiz Abdullayeva isə cari dərs ilində “İlin ən yaxşı müəllimi” müsabiqənin qalibi olmuşlar.
Yığıncaqda çıxış edənlər təhsilə göstərilən dövlət qayğısından, pedaqoji kollektivin qarşısında duran vəzifələrdən danışmışlar.

Keçidlər