Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Respublika Günüdür

28 may 2020 | 11:00

Hər bir xalqın taleyində öyünməyə və qürur duymağa əsas olmuş hadisə və məqamlar vardır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti də Azərbaycan xalqının bütün zamanlarda qürurla xatırlayacağı şərəfli bir tarixdir. Elə bir tarix ki, bu, xalqın zəngin milli-mənəvi dəyərlərindən, mübarizliyindən, milli qürurundan, müstəqil dövlət qurmaq və onu idarə etmək bacarığından xəbər verir. Odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 illiyi ərəfəsində bu şanlı tarixi hər birimiz şərəflə və qürur hissi ilə qeyd edirik.
Həm Azərbaycan, həm də bütövlükdə müsəlman dünyası üçün müstəsna tarixi əhəmiyyətə malik Azərbaycan Demokratik Respublikasının yaranmasının növbəti 102-ci ildönümünü qeyd etmək xalqımızın müstəqillik tarixinin ən dəyərli və şanlı səhifələrindən biri kimi qiymətləndirilir.
1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyətinin bəyan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında görkəmli dövlət xadimləri, vətənpərvər ziyalılar və peşəkar hərbiçilərin, Məmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əlağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuş və onların adları xalqımızın yaddaşına əbədi həkk edilmişdir. Azərbaycan istiqlaliyyətinin bəyan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında mühüm rol oynamış Cümhuriyyət xadimləri arasında iki nəfərin-Xosrovbəy Sultanbəyov və Nurməmməd bəy Sahsuvarov kimi həmyerlilərimizin olması bizim hər birimiz üçün daha da qürurvericidir.
Cəmi 23 ay fəaliyyət göstərən bu respublika xalqımızın milli sərvəti kimi XIX əsrin ikinci yarısından etibarən apardığı istiqlal mübarizəsinin bəhrəsidir. Öz tarixi ərzində bu mübarizə müxtəlif mərhələlərdən keçmişdir. Həsən bəy Zərdabinin “Əkinçi” qəzetindən, Əhməd bəy Ağaoğlunun «Difai» partiyasınadək uzun və keçməkeşli yol keçmiş, bu mübarizənin gedişində xalqımız 1905-ci və 1918-ci illərdə onun istiqlal istəyini boğmağa yönəlmiş soyqırımlarını da ağrı-acısını öz üzərində bütün ağırlığı ilə hiss etməli olmuşdur. Lakin heç bir güc öz siyasi və mədəni hüquqlarını dərk edən və onların uğrunda mübarizə aparan xalqımızın azadlıq əzmini qırmağa müvəffəq olmamışdır.
Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövlət atributlarını yaratmağa nail oldu, öz parlamentini və hökumətini formalaşdırdı, pul vahidini dövriyyəyə buraxdı. Ən əsası isə dövlət quruculuğu istiqamətində fundamental əhəmiyyətə malik olan mühüm tədbirlər həyata keçirdi. Demokratik Respublika xalqımız üçün həyati əhəmiyyət daşıyan sosial-iqtisadi və siyasi islahatlar apardı, problemləri həll etmək istiqamətində fövqəladə işlər gördü. Azərbaycan dili dövlət dili elan olundu. Gəncə şəhərinin və Cəbrayılın adları özlərinə qaytarıldı. Azərbaycan vətəndaşlığı, hərbi mükəlləfiyyət haqqında qanunlar qəbul edildi. Cümhuriyyət Parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi əhəmiyyətə malikdir. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.
Parlamentli respublika olan Xalq Cümhuriyyətinin qarşısında duran əsas məsələ yenicə yaranmış müstəqil dövlətin ərazi bütövlüyünü qorumaq və xarici müdaxilənin qarşısını almaq idi. Bu baxımdan Azərbaycanın görkəmli generalları Səməd bəy Mehmandarov və Əlağa Şıxlinskinin rəhbərliyi ilə milli ordunun yaradılması da xüsusi əhəmiyyətə malik idi. Bir il ərzində iyirmi beş minlik Azərbaycan ordusunun piyada və süvari diviziyalarının yaradılması həmin dövrdə erməni daşnaklarına sarsıdıcı zərbələr endirməklə ərazilərimizin qorunmasında müstəsna rol oynadı.
Qısa zaman ərzində Azərbaycan Demokratik Respublikası beynəlxalq diplomatiya sahəsində də çox mühüm uğurlar əldə etmiş, Paris Sülh Konfransında Azərbaycanın dövlət müstəqilliyinin tanınmasına nail olunmaqla on yeddi dövlətdə rəsmi səfirliklərini açmışdır.
Bolşevik işğalı nəticəsində 1920-ci ilin aprelində süqut etməsinə baxmayaraq Azərbaycan Demokratik Respublikası dövlətçilik tariximizdə önəmli yer tutmağa, xalqımızın gələcək müstəqilliyi yolunda təməl daşına, mayaka çevrildi. 23 aylıq müstəqillik xalqımızın siyasi təfəkküründə silinməz iz qoydu. Artıq azadlıq ideyaları şüurlara hakim kəsilmişdi. 70 illik sovet əsarəti dövründə belə ölməyən istiqlal arzusu nəhayət ki, XX əsrin sonlarında yenidən çin oldu. 1991-ci ildə Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi elan edərək onun üçrəngli milli bayrağını, gerbini və himnini qəbul edərək öz sələfinin yolu ilə addımlamağa başladı. “İstiqlal Bəyannaməsi”nin elan olunduğu 1918-ci ilin 28 may günü hər il Respublika günü kimi ölkəmizdə təntənəli surətdə qeyd edilir.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, keçdiyi yol bir daha təsdiqlədi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edən səriştəsiz iqtidarların günahı üzündən ikinci dəfə əldə etdiyimiz istiqlaliyyətimizi də itirmək təhlükəsi ilə üzləşmişdik. Yalnız dünya səviyyəli siyasətçi, Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi vətəndaş müharibəsi, xaos və anarxiyadan, yenidən parçalanmaq təhlükəsindən qorudu, müstəqilliyimiz əbədi prosesə çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə gənc Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının qarşısına qoyduğu, lakin, həyata keçirə bilmədiyi məqsədləri qətiyyətlə reallaşdırmağa başladı. Ölkəmiz qısa zamanda dünya birliyinə inteqrasiya olundu, milli dövlətçiliyimizin əsasları gücləndirildi.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılan müasir Azərbaycan dövlətinin xalqımızın Ulu Öndəri Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyası əsasında müstəqilliyinin, əbədiliyinin və dönməzliyinin təmin edilməsi, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət sayəsində bütün sahələrdə dünyanın ən inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqımızın qazandığı ən böyük tarixi nəaliyyətlərdəndir.
Bütün xalqımız kimi, Ağdam rayon sakinləri də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını Azərbaycan xalqının ən parlaq qələbəsi kimi qeyd edərək, müstəqil dövlətimizin uğurlarından fərəh hissi keçirirlər.

Keçidlər