Ağdamda əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır
Ağdam rayonu ərazisinin 77,4 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində rayonun təbii su mənbələri işğal altında qalmışdır. Bu səbəbdən də rayonun işğal olunmamış ərazilərindəki əkin sahələrinin suvarılması əsasən subartezian quyuları və nasos stansiyaları vasitəsilə həyata keçirilir. AzərTAc xəbər verir ki, Ağdam Subartezian Quyularının İstismarı İdarəsi rayonun 31 min hektara yaxın əkin sahəsinin suvarılması və əhalinin içməli su təchizatı üçün 753 ədəd subartezian quyusu və 3 nasos stansiyasının istismarını həyata keçirir.
Rayon əhalisinin suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə 2013-cü ildə 11 ədəd yeni subartezian quyusu qazılmış, 83 nasos, 10 transformator, 220 metr boru, 5800 metr kabel quraşdırılmış, 485 nasos, 87 transformator təmir edilmişdir. Rayonun nasos stansiyalarında 2 ədəd təzə nasos, 1 transformator, 185 metr boru, 145 metr kabel quraşdırılmış, 2 nasos, 1 transformator təmir edilmişdir.
Ağdam rayonunda əkin sahələrinin suvarılması və əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.