Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımız 28 ildir Xocalı faciəsinin mənəvi ağrısını qəlbində daşıyır, bu günü unutmur

26 fevral 2020 | 11:00

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımından 28 il keçir. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. Ermənistan silahlılarının əlindən xilas olaraq ölkəmizin ayrı-ayrı bölgələrinə pənah gətirən Xocalıdan olan 62 ailə Ağdam rayonunda məskunlaşıb.
Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Quzanlı qəsəbəsində keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, Qarabağ müharibəsi veteranları, Xocalı sakinləri iştirak ediblər. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının, eləcə də respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mehman Mustafayev, tarix müəllimi Rəfael Hacıyev, xocalılıların xilas edilməsində iştirak etmiş keçmiş döyüşçü Oruc Cabbarov çıxış edərək 28 il əvvəl Xocalı şəhərində törədilmiş qırğının acı nəticələrindən, erməni silahlılarının törətdikləri qanlı cinayətlərdən, günahsız insanların başına gətirilən müsibətlərdən bəhs ediblər. Bildirilib ki, 1992-ci il fevralın 26-sında Xocalıda dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı bəşər tarixinə insanlıq əleyhinə ən qəddarlıqla törədilmiş cinayət kimi yazılıb. 28 ildir ki, xalqımız bu faciənin mənəvi ağrısını, onun dəhşətlərini qəlbində, həyatında daşıyır, bu günü unutmur.
Sonda Ağdam Dövlət Dram Teatrının Nadir Qədimlinin "Günahsızlar" əsəri əsasında hazırladığı tamaşa nümayiş olunub.
Tədbirdən sonra Xocalıdan olan ailələrə ərzaq yardımı edilib.

Keçidlər