Ağdamda Xalq Şairi Məmməd Arazın 80 illik yubileyi qeyd olunmuşdur
Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın anadan olmasının 80 illik yubileyi qeyd edilmişdir. AzərTAc xəbər verir ki, mərasimdə ulu öndər Heydər Əliyevin Məmməd Arazla görüşünə və şair haqqında dəyərli fikirlərinə dair videokadrlar nümayiş etdirilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, filologiya elmləri doktoru Vaqif Yusifli, şair Zakir Fəxri, rayon ziyalıları adından Qədulla Səfərov və başqaları Məmməd Arazın həyat və yaradıcılığından, şairlə bağlı xatirələrindən danışmışlar.
Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Məmməd Arazın 80 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması şairin yaradıcılığına verilən ən böyük qiymət kimi dəyərləndirilmişdir.
Tədbirdə şairin şeirləri səsləndirilmiş, sözlərinə yazılmış mahnılar ifa edilmişdir.
Sonda şairin ailəsi adından çıxış edən yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişlər.