Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Ağdam rayonunda geniş tikinti-quruculuq işləri aparılıb

24 fevral 2020 | 11:00

2019-cu ildə Ağdam rayonunda ümumi məhsul istehsalının həcmi 170 milyon 592 min 580 manat olub. Bu, 2018-ci illə müqayisədə 3 milyon 751 min 780 manat və ya 2,2 faiz çoxdur. Ötən il 13 milyon 40 min manatlıq sənaye, 134 milyon 550 min 100 manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 7 milyon 586 manatlıq tikinti-quraşdırma işləri görülüb.
Bu barədə Ağdam rayonunun Quzanlı qəsəbəsində 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda məlumat verilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin qəsəbədəki abidəsi önünə gül dəstələri düzüb, sonra rayonda istehsal edilən məhsulların sərgisinə, rayonun sosial-iqtisadi inkişafını əks etdirən video-slayda baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun hesabat məruzəsində bildirilib ki, 2019-cu ildə rayonda tikinti-quruculuq və abadlıq işləri geniş vüsətlə davam etdirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik yeni məktəb binası tikilərək istifadəyə verilib, təmas xəttinə yaxın olan yaşayış məntəqələrində erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində zərər dəymiş 121 ev bərpa edilib, Kolqışlaq-Mirəşəlli-Əhmədağalı-Çıraqlı avtomobil yolu yenidən qurulub.
Tərtər-Hindarx avtomobil yolunun Ağdam rayonu ərazisindən keçən 14 kilometr hissəsi təmir olunub. Təzəkənd kəndində modul tipli məktəb binası quraşdırılıb. Xındırıstan kəndindəki məscid binası və məişət evində, Əhmədağalı kənd körpələr evi-uşaq bağçasında, ruhi əsəb və ağ ciyər xəstəlikləri dispanserlərində əsaslı təmir işləri aparılıb. Rayon ərazisindəki ümumtəhsil müəssisələrinin və uşaq bağçalarında istilik sistemlərinin qurulması, təbii qazla təmin olunması istiqamətində mühüm işlər görülüb. Quzanlı qəsəbəsində qonaq evi inşa edilib, Qurban Primov küçəsində 1,6 kilometr uzunluqda yola asfalt örtüyü salınıb, ətrafı abadlaşdırılıb. Şəhid ailələri və Qarabağ müharibəsi əliləri üçün 20 ədəd fərdi ev tikilib istifadəyə verilib. Məcburi köçkün ailələr üçün Quzanlı qəsəbəsində 50 mənzilli binanın tikintisinə başlanılıb. Rayon ərazisində məskunlaşmış 1440 məcburi köçkün ailəsinin də evlə təmin olunması yeni qəsəbənin tikintisi nəzərdə tutulub. Hazırda Xındırıstan kəndində parkın tikintisi davam etdirilir, Qaradağlı kəndində həkim məntəqəsi əsaslı təmir edilir.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, təhsil, mədəniyyət, səhiyyə və sair sahələrdə görülən işlərdən də ətraflı bəhs edilib, mövcud problemlərlə toxunulub, onların həlli və qarşıda duran vəzifələrdən danışılıb.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev yığıncaqda çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan, habelə qarşıda duran vəzifələrdən danışıb.
Sonda qərar layihəsi oxunub, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Keçidlər