Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir.

31 dekabr 2013 | 11:00

AzərTAc xəbər verir ki, bayramsayağı bəzədilmiş Quzanlı Olimpiya İdman Kompleksində keçirilən ümumrayon şənliyində çıxış edənlər əlamətdar gün münasibətilə ağdamlıları təbrik etmiş, növbəti bayramların işğaldan azad edilmiş torpaqlarımızda keçirilməsini arzulamışlar. 2013-cü ildə rayonda əldə olunan uğurlardan bəhs edən natiqlər bildirmişlər ki, Quzanlı qəsəbəsində 119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyası üçün inzibati bina tikilib istifadəyə verilmiş, telekommunikasiya qovşağının inzibati binasının inşası başa çatdırılmış, mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsinin binası və Əhmədağalı kənd tam orta məktəbi əsaslı təmir olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev prospektinin Quzanlı qəsəbəsindən Bayraq Meydanına qədər olan hissəsində geniş abadlıq, quruculuq işləri aparılmış, Xaçın çayı üzərindəki körpü əsaslı təmir olunmuşdur. Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli yaşayış binasının, Xındırıstan uşaq musiqi məktəbinin, Əfətli kəndində 360 şagird yerlik, Həsənxanlı kəndində 120 şagird yerlik, Hacıməmmədli kəndində 120 şagird yerlik, Baharlı kəndində 160 şagird yerlik orta məktəblərin tikintisi davam etdirilir.
Şaxta baba və Qar qızın şənliyə gəlişi uşaqların böyük sevincinə səbəb olmuşdur. Bayram şənliyində rayon mədəniyyət və turizm şöbəsinin musiqi kollektivlərinin, “Şur” ansamblının, rayon uşaq bağçalarında tərbiyə alan balacaların rəngarəng çıxışları, göstərilən səhnəciklər, ifa olunan şən mahnılar tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.
Tədbirdə uşaqlara bayram hədiyyələri verilmişdir.

Keçidlər