Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib

29 yanvar 2020 | 11:00

Ağdam rayonunun Quzanlı qəsəbəsində 2 fevral - Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Ağdamlı gənclər əvvəlcə qəsəbədə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Muğam Mərkəzində keçirilən tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, rayon icra hakimiyyətinin əməkdaşı Ziya Hümbətov, Yeni Azərbaycan Partiyası rayon təşkilatı Gənclər Birliyinin sədri Şirxan Baxşəliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məsləhətçisi Orxan Aslanlı çıxış edərək, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, əsaslı ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, onların elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsindən, gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən danışıblar. Bildirilib ki, ölkəmizdə öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, bu gün ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə daxil olub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalaması da sözügedən sahəyə göstərilən diqqət və qayğının göstəricisidir. 2020-ci ilin “Könüllülər ili” elan olunması gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə layiqli vətəndaş olmağı arzulayıb. Bildirib ki, Azərbaycan gəncliyi sağlam, gümrah, dərin biliyə və yüksək dünyagörüşə malik olmalı, öz üzərində daim çalışmalıdır.
Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov da gənclərə bilikli, vətənpərvər, Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq vətəndaşlar kimi yetişməyi tövsiyə edib.
Tədbirdə bir qrup fəal gəncə fəxri fərman verilib. Tədbir Ağdam Musiqi Kollecinin, "Qarabağ" instrumental ansamblının və Ağdam Dövlət Dram Teatrının hazırladığı bədii hissə ilə davam edib.

 

 

Keçidlər