Qanlı Yanvar hadisələrini törədən sovet rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmaması tarixi ədalətsizlikdir
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 30-cu ildönümü respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da böyük ehtiramla yad edilib.
Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, hərbçilər rayonun girişindəki "Şəhidlər" abidə kompleksi önünə tər qərənfillər düzüblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunub.
Ümumrayon anma mərasimində rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli və başqaları çıxış edərək, xalqımızın azadlıq mübarizəsindən, 20 Yanvar faciəsinin səbəblərindən və ağır nəticələrindən danışıblar. Bildirilib ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. O qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Lakin sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda şəhidlər verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu.
Diqqətə çatdırılıb ki, o ağır günlərdə xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi. Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
Çıxış edənlər aradan 30 il ötməsinə baxmayaraq, 20 Yanvar faciəsində birbaşa əli olan Mixail Qorbaçovun və o zamankı sovet rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmamasını tarixi ədalətsizlik kimi dəyərləndiriblər.
Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən kompozisiya nümayiş olunub. Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
20 Yanvar şəhidlərinin əziz xatirəsinə ehtiram olaraq Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Ağdam Nəqliyyat" MMC əhalinin şəhidlər abidə kompleksinə rahat gediş-gəlişi üçün ödənişsiz daşıma həyata keçirmişdir.