Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində Binəqədi rayonu ərazisində məskunlaşan məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsindəBinəqədi rayonu ərazisində məskunlaşan məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Təhsil, səhiyyə, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkəmizin və rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ilk öncə sakinləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edib onlara növbəti bayramı öz doğma yurdlarında qeyd etməyi arzulayıb. Daha sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirib.
Məcburi köçkün sakinlərdən Sevil Qurbanova, Zümrüd Quliyeva, şəhid ailəsi Məhluqə Atakişiyeva, şəhid anası Südabə Orucova, Mehman Məmmədov və başqaları əhalinin həyat şəraiti, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan qaçqın və məcburi köçkünlərimizin də daim diqqət mərkəzində saxlanılmasından, digər yerlərdə olduğu kimi Bakı şəhəri Binəqədi rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün insanlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında əsas olaraq məskunlaşdıqları yataqxanalarda mənzil şəraitlərinin ağır olmasını bildirərək onların mənzillə təminatına köməklik edilməsini, ayrı təsərrüfat olmaqlarına köməklik, işlə təminat, yemək xərci müavinətləri müxtəlif səbəblərdən dayandırılmış sakinlər müavinətin bərpasına köməklik edilməsi və digər şəxsi məsələlərinin həllinə ehtiyacları olduğu diqqətə çatdırıblar. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerində tapşırıqlar verib və onların həlli prosesi nəzarətə götürülüb.
Qəbuldan sonra Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Biləcəri qəsəbəsində yerləşən Xan Şuşiniski adına Ağdam Uşaq Muğam Məktəbinə gedərək məktəb kollektivi və şagirdlərlə görüşmüş, məktəbin fəaliyyəti ilə yaxından tanış olmuşdur.