Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Əfətli kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib.
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Əfətli kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.
Kənd sakinlərindən Əsədova Şəhla Nəsib qızı,İbrahimov Arif Allahqulu oğlu, Məmmədov Rüfət Sabir oğlu, Heydərov Murad Qənbər oğlu, Heydərov Vaqif Ağabala oğlu və başqaları əhalinin həyat şəraiti, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək bəzi problemlərinin olması barədə məlumat veriblər. Sakinlər çıxışlarında kənddə işıq dirəklərinin dəyişdirilməsi, kənd arası yolların düzəldilməsi, suvarma və içməli suya olan tələbatın ödənilməsi üçün əlavə subartezian quyusunun qazılması və digər şəxsi problemlərinin həllinə ehtiyaclarının olduğunu diqqətə çatdırıblar. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.