Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

27 noyabr 2019 | 11:00

Noyabrın 27-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib.
Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətli nümayəndələri, həmçinin ziyalılar, din xadimləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Tədbirin əvvəlində DQİDK-nın tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli film nümayiş olunub. Sonra din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxışında bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir. Tarixən yüksək tolerantlıq mədəniyyətinin formalaşdığı Azərbaycan dünyada multikultural ölkə kimi tanınır.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, “Din və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən seminar-müşavirə maarifləndirici xarakterli olmaqla, respublikamızın bütün bölgələrində təşkil edilir. Seminar-müşavirənin keçirilməsində məqsəd vətəndaşları dünyada, regionda, ölkəmizdə dini mühitdə cərəyan edən proseslər, tendensiyalar, təhdidlər barədə məlumatlandırmaqdır.
S.Heydərov qeyd edib ki, dünyada ictimai-siyasi proseslərdə gərginliyin artdığı bir zamanda din, dini təhlükəsizlik amili daha da aktuallaşır. Aparıcı güc mərkəzləri öz geosiyasi, geoiqtisadi maraqlarını həyata keçirmək üçün din, insan hüquqları, dini etiqat azadlığı anlayışlarından bir vasitə kimi istifadə edirlər. Din öz mənəvi dəyər çərçivəsindən çıxarılaraq, siyasi vasitəyə çevrilib. Biz bunun acı nəticələrini Yaxın Şərqdə görürük. Nəinki Yaxın Şərqdə, eləcə də Avropada da artıq tolerantlığın zəifləməsi, islamofobiya, ksenofobiya, antisemitizmin güclənməsi müşahidə olunur. Multikulturalizm, tolerantlıq zəiflədikcə olun yerini radikallıq tutur.
Diqqətə çatdırılıb ki, Azərbaycan isə dünyada sülhün, dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun, əməkdaşlığın, tərəfdaşlığın bərqərar olunması istiqamətində öz missiyasını uğurla davam etdirir. Bu istiqamətdə bir mərkəzə çevrilən Azərbaycan öz multikultural, tolerant birgəyaşayış modeli ilə dünyada sülhün bərqərar olmasına töhfələr verməkdədir. Ölkəmiz dünyada beynəlxalq təhlükəsizliyə yaranmış təhdidlərin qarşısının alınmasında çox unikal bir strategiya ilə çıxış edir. Artıq dünya birliyi Azərbaycanın bu strategiasına dəyər verir, öyrənir, təbliğ olunması istiqamətində çağırışlar edir.
Səyavuş Heydərov Aşura mərasimləri ərəfəsində bölgələrdə keçirilmiş qanvermə aksiyalarını gözəl nümunə kimi dəyərləndirib. Vurğulanıb ki, məhz bu cür təşəbbüslər İslam dininin ümumi fəlsəfəsini, onun humanist prinsiplərini əks etdirən ənənəyə çevrilib. Həmçinin bölgələrdə vəhdət namazlarının qılınması da İslam dinində birliyin yaradılması, məzhəbçiliyin aradan qaldırılması baxımından müsbət təşəbbüs və ənənə kimi qiymətləndirilib.
Qeyd olunub ki, bəzi qüvvələr gəncləri istər siyasi, istərsə də dini müstəvidə yad ideologiyaların təsirinə məruz qoymağa çalışırlar. Odur ki, hamı bu sahədə diqqətli olmalı, gənclər məlumatlandırılmalıdırlar. Bu sahədə hamının, xüsusən də müəllimlərin, valideynlərin, din xadimlərinin üzərinə böyük məsuliyyət düşür.
Seminar-müşavirədə Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev, Baş Prokurorluğun əməkdaşı Bəhruz Kərimov, Qafqaz Müsəlmanları İdarəsinin Ağdam rayonu üzrə qazisi Barat Bağırov çıxışlarında milli təhlükəsizliyə əsas təhdidlər, dini radikalizmə qarşı mübarizənin hüquqi əsasları, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin önəmindən danışıblar.

 

 

Keçidlər