“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, gənclər və idman idarəsi və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə fəal gənclər iştirak edib.
Azərbaycanın Dövlət himninin oxunması ilə başlanan tədbirdə rayon gəncləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan danışıqlardan söz açıblar. Bildirilib⁸ ki, işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla təcavüzkar siyasətini davam etdirir. Ermənistanın baş nazirinin avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması da bu ölkənin əsl məqsədinin işğalçılıq olmasını bir daha göstərir.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Ermənistan rəhbərliyinin Azərbaycanın əzəli və tarixi torpaqları ilə bağlı təxribatçı bəyanatına sərt və tutarlı cavab idi. Prezident İlham Əliyev bu çıxışı ilə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha dünyaya bəyan etdi.
Tədbirdə YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Şirxan Baxşəliyev, 93 saylı tam orta məktəbin direktoru Samir Abdullayev, Ağdam Musiqi Kollecinin müəllimi Teymur Köçərli və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakından danışıb, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının ağdamlı gənclər tərəfindən rəğbətlə qarşılandığını və böyük ruh yüksəkliyi yaratdığını diqqətə çatdırıblar. Bildirilib ki, ağdamlı gənclər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyada görürlər. Ali Baş Komandanın hər bir əmrinə hazır olan ağdamlı gənclər dövlətimizin başçısının qətiyyətli mövqeyini dəstəkləyirlər.