101 illik tarixə malik Azərbaycan Polisi şərəfli yol keçib
101 illik tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib.
Bu fikir Ağdam rayonunda polis işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səsləndirilib. Rayonun polis işçiləri ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsində ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon polis şöbəsinin rəisi Pərviz İsmayılov məruzə ilə çıxış edərək, Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salıb.
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər çıxış edənlər polis işçilərini peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan polisinin keçdiyi yoldan, ölkədə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dincliyin təmin edilməsində polisin fəaliyyətindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilən zəruri tədbirlər ölkənin ictimai-siyasi həyatında hərtərəfli islahatların gerçəkləşməsi ilə nəticələnib. Müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradılıb, ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı uğurlu mübarizəyə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradılıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir.
Diqqətə çatdırılıb ki, vətəndaşların hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanan polis əməkdaşları vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə də fəal iştirak ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarından 37 nəfər şəhid olub, 112 nəfər yaralanıb, 4 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.