Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda tikinti-quruculuq işləri davam etdirilir

15 may 2019 | 11:00

2019-cu ilin birinci rübündə Ağdam rayonunda tikinti-quruculuq işləri davam etdirilir. Bu dövrdə Kolqışlaq-Mirəşəlli-Əhmədağalı-Çıraqlı avtomobil yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilib. Bərdə şəhərində məcburi köçkünlərin yaşadığı 4 mərtəbəli yaşayış binasında 15 ədəd iki otaqlı və 3 ədəd bir otaqlı mənzillər təmir edilib. Rayon ərazisində üç mindən çox ağac əkilib. Hazırda təmas xəttinə yaxın olan yaşayış məntəqələrində erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində zərər dəymiş 121 evin bərpası Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən davam etdirilir. Xındırıstan kəndindəki məscid binası və məişət evi əsaslı təmir olunur, istirahət parkı salınır, Quzanlı qəsəbəsində qonaq evi inşa edilir.
Bu işlər barədə Ağdam rayonunun Quzanlı qəsəbəsində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda məlumat verilib. Hesabatda Azərbaycan Respublikasının Prezidenti  Administrasiyasının Ərazi təşkilat məsələləri üzrə şöbəsinin sektor müdiri  Əflatun Rufiyev iştirak edib. Yığıncaqda ilin üç ayının yekunları təhlil edilib, qarşıda duran vəzifələrdən danışılıb. Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, ilin birinci rübündə 2600 hektarda pambıq, 1498 hektar sahədə tərəvəz, 344 hektar sahədə kartof, 431 hektar sahədə təzə yonca, 266 hektar sahədə şəkər çuğunduru səpilib. Baramaçılıqla məşğul olan rayon sakinlərinə 525 qutu ipəkqurdu toxumu paylanılıb. Rayonda heyvandarlığın, xüsusilə cins mal-qaranın inkişaf etdirilməsi məqsədilə 918 baş heyvan süni yolla mayalandırılıb, 514 baş sağlam bala alınıb.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə və aqrar sahədə əldə olunan uğurlardan da ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həlli və qarşıda duran vəzifələrdən danışılıb.

Keçidlər