Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın Ağdam rayon təşkilatının fəalları ilə görüş keçirib.
Tədbirdə ilk olaraq YAP Ağdam raoyn təşkilatının sədri İskəndər Quliyev çıxış edərək qarşıda duran vəzifələrin icrası istiqamətində görülən işlər haqqında məlumat verib. İ.Quliyev bildirib ki, hazırda rayon təşkilatının üzvlərinin sayı 5544 nəfərdir. Onun sözlərinə görə, təşkilat qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar bütün imkanlarını səfərbər edib.
Görüşdə çıxış edən YAP Sədrinin müavini Əli Əhmədov oktyabr ayında ölkəmizdə əlamətdar siyasi hadisənin baş verəcəyini bildirib. Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini deyən Əli Əhmədov qeyd edib ki, partiya bu səbəbdən bütün resurslarını səfərbər etməkdədir. Onun sözlərinə görə, partiya fəalları ilə görüşlərin keçirilməsinin məqsədi də yerli strukturların işini daha da gücləndirməkdən ibarətdir. İcra katibi vurğulayıb ki, partiyamızın prezident seçkilərində namizədi cənab İlham Əliyevdir. Onun sözlərinə görə, YAP-ın Sədri İlham Əliyevin dövlət başçısı kimi 2003-cü ildən etibarən gördüyü işlər, həyata keçirdiyi siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. «Çünki bu siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, Azərbaycanın beynəlxalq nüfuzu artıb. Eyni zamanda, ölkəmiz sürətlə müasirləşir, modernləşir. Ona görə də, xalqımız növbəti beş ildə də bu siyasətin cənab İlham Əliyev timsalında davam etməsini istəyir»- deyə, YAP Sədrinin müavini qeyd edib. Əli Əhmədov bildirib ki, YAP-ın hər bir fəal üzvü qarşıda duran önəmli vəzifələri dərk edir, kifayət qədər məsuliyyətlə həmin vəzifələrin yerinə yetirilməsinə yanaşır. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutur, üstün mövqeyini qoruyub saxlayır. Partiyamız Prezidentimizin rəhbərliyi ilə, insanlarımızın yüksək fəallığı şəraitində əldə olunan nailiyyətlərə özünün əhəmiyyətli töhfəsini verir. Əli Əhmədov deyib ki, YAP seçkilər ilində partiyamızın bütün üzvlərinin, yerli strkturlarının yaxından və fəal iştirakının təmin edilməsi kimi çox məsuliyyətli vəzifəni öz qarşısına qoyub: «Partiyamız fəaliyyət göstərdiyi 20 ildən artıq bir müddət ərzində ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir və bunun çox vacib göstəricilərindən biri Azərbaycanda keçirilən bütün seçkilərdə qələbə qazanmasında ifadə olunur».
Əli Əhmədov qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar YAP Ağdam rayon təşkilatının fəallarına müvafiq tövsiyələr verib. Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov, YAP Ağdam rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Elmira Şükürova və təşkilatın Gənclər Birliyinin üzvü Xəyal Rüstəmov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Ağdam ictimaiyyəti Prezident İlham Əliyev həyata keçirdiyi siyasəti dəstəkləyirlər və bu dəstəyi qarşıdan gələn seçkilərdə bir daha ifadə edəcəklər.
Görüşdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldаr İbrahimov iştirak edib.