Kikboksinq üzrə “Qarabağ open” turnirində 200-dən çox idmançı iştirak edib
Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində keçirilən və Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə “Qarabağ open” turniri keçirilib.
Azərbaycan Kikboksinq Federasiyasının “Ağdam” idman klubunun rayon icra hakimiyyətinin dəstəyi ilə təşkil etdiyi yarışda respublikamızın müxtəlif şəhər və rayonlarından olan 20-dən çox komandanın heyətində 200-dən artıq idmançı kadetlər, yeniyetmələr, gənclər və kişilər kateqoriyalarında mübarizə aparıb.
Yarış iştirakçıları əvvəlcə Olimpiya İdman Kompleksində şəhidlərin fotolarından ibarət sərgi ilə tanış olublar.
Turnir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
“Qarabağ open” turnirinin açılış mərasimində çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev və “Ağdam” idman klubunun prezidenti Tural Cavadov ölkəmizdə idman sahəsində əldə olunan uğurlardan, bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıblar. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Diqqətə çatdırılıb ki, bölgələrdə belə tədbirlərin keçirilməsi cəmiyyətdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsinə və gənclər arasında idmanın kütləviliyinin artırılmasına xidmət edir.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda komanda hesabında “Ağdam” idman klubu “Qarabağ open” turnirinin qalibi olub. Digər iki pillədə isə Ağcabədi komandası və “Qarabağ” idman klubu qərarlaşıblar. İdmançılardan 73 nəfər birinci, 73 nəfər ikinci, 150 nəfər isə üçüncü yerə layiq görülüb. Turnirin sonunda qaliblər mükafatlandırılıb.