Azərbaycanın Ağdam rayonunun təbii sərvətləri ermənilər tərəfindən talan edilir
Azərbaycanın səfalı guşələrindən olan Ağdam rayonunun Ermənistanın silahlı qüvvələri tərəfindən işğalından 20 il ötür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılması faktlarını aşkar etmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar şəhərətrafı meşə sahələri, eləcə də mişar daşı, əhəngdaşı və gil yataqları işğal altındadır. Ağdam şəhərində təbiət abidəsi kimi qorunan 150-250 illik 14 Şərq çinarının, Boyəhmədli kəndi ətrafında isə yaşı 400-ə çatan 71 Şərq çinarının doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilmişdir.
Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və Uzundərə, Yedixırman, Şahbulaq dağ massivlərində erməni hərbçiləri tərəfindən ümumilikdə 17 min 457 hektar otlaq sahəsi yandırılmışdır. Yanğın zamanı “Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısına” düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olmuşdur.