Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Sumqayıt şəhərində məskunlaşan Ağdam rayonundan olan məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Sumqayıt şəhərində məskunlaşan məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.
Məcburi köçkün sakinlərindən Nailə Əsgərova, Əbülfət Qafarov, Aidə İsmayılova, Əzizə Ağayeva, Elşad Hüseynov, Validə Şükürova və başqaları əhalinin həyat şəraiti, respublikada gedən sosial-iqtisadi inkişafdan məcburi köçkünlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək bəzi problemlərinin olması barədə məlumat veriblər. Sakinlər çıxışlarında əsasən mənzil şəraitlərinin ağır olduğunu və evlə təmin olunmalarına, sosial məsələlər və digər şəxsi problemlərinin həll olunmasına ehtiyaclarının olduğu diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin cavabı olaraq bildirib ki, Sumqayıt şəhəri ərazisində ictimai binalarda və xüsusi ağır şəraitdə yaşayan sakinlər üçün tikilən binalardan evlə təmin olunmaları istiqamətində lazımi işlər aparılmış və bu işlər davam etdirilir. Mərhələli şəkildə bütün məcburi köçkünlər evlə təmin olunacaqlar. Digər məsələlərin həlli istiqamətində isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerində göstərişlər verilərək onların həlli nəzarətə götürülmüşdür.
Daha sonra Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov məcburi köçkünlərin kompakt məskunlaşdığı yerlərdə olaraq onların yaşayış şəraiti ilə yerində tanış olmuşdur.