Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Ağdam rayonuna səfər edib

27 fevral 2019 | 11:00

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ağdam rayonuna səfər ediblər.
Qırxdan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar əvvəlcə Ağdam rayonunun girişindəki "Şəhidlər" abidə kompleksini ziyarət edib, Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlarla, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallarla tanış olublar.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qonaqlara rayon haqqında məlumat verib. Bildirib ki, rayon ərazisinin 77,4 faizi - Ağdam şəhəri, bir qəsəbə və 82 kənd 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilərək dağıdılıb. Ağdam düşmənə qarşı 5 illik savaşda minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hazırda rayon əhalisinin 160 min nəfərdən çoxu məcburi köçkün kimi rayonun işğal edilməyən ərazisində və respublikanın digər şəhər və rayonlarında məskunlaşıb. Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib. Təkcə Ağdam rayonunun işğal altında qalmayan ərazisində məcburi köçkünlər üçün 18 qəsəbə inşa edilib.
Diplomatik korpusun nümayəndələri sonra “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialına gəliblər. Filialın direktoru Ceyran Əliyeva bildirib ki, xalçaçılıq tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Xalqımız min illərdir xalçaçılıq ənənələrini yaşadır və inkişaf etdirir. Ancaq Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin işğal edilməsi nəticəsində 26 ildən artıq idi ki, Qarabağda xalçalar toxunmurdu. Ötən il Ağdamda “Azərxalça” ASC-nin filialının yaradılması Azərbaycan xalça sənətinə, o cümlədən Qarabağ xalçaçılıq məktəbinə böyük töhfədir. Qarabağ xalçaçıları uzun illərdir ayrıldıqları sevimli peşələri ilə məşğul olur, xalçaçılıq ənənələrini davam etdirirlər.
Qonaqlar filialda xalça toxuma prosesi və Qarabağ xalçaları ilə tanış olduqdan sonra Qarabağ Atçılıq Kompleksinə yollanıblar. Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov Qarabağ atlarının tarixi və xüsusiyyətləri barədə geniş məlumat verib. Bildirib ki, Qarabağ dünyada füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə tanınır. Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyada ən qədim mədəni at cinslərindən olmaqla, əsrlərboyu aparılan xalq seleksiyası sayəsində bu bölgədə formalaşıb. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu yerlər tutub. Lakin XX əsrin sonlarında Ermənistanın ölkəmizə hərbi təcavüzü Qarabağda atçılıq təsərrüfatına da ağır zərbə vurub. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşayır.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Qarabağ atının genefondunun qorunması, seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması məqsədilə imzaladığı sərəncamlara əsasən Qarabağ Atçılıq Kompleksi inşa edilərək ötən il istifadəyə verilib. Hazırda kompleksdə Qarabağ cinsindən olan 200 at saxlanılır.
Qonaqlar Atçılıq Kompleksində yaradılan şəraitlə tanış olub, Qarabağ atlarına baxıblar. Sonra məcburi köçkünlər üçün inşa edilmiş Bənövşələr qəsəbəsinə gələrək çay süfrəsi arxasında söhbət ediblər. Bənövşələr qəsəbə tam orta məktəbinin direktoru Tünzalə Vəliməmmədova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların və cəbhə xəttində yaşayan əhalinin həyat şəraiti ilə bağlı məlumat verib. Bildirib ki, dövlətimiz tərəfindən məcburi köçkünlər üçün nə qədər yaxşı şərait yaradılsa da, onların ən böyük arzuları doğma yurd-yuvalarına qayıtmaqdır.
Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Ağdam rayonuna səfəri Muğam Mərkəzi ilə tanışlıqla başa çatıb. "Şur" ansamblının konsertinə baxan qonaqlar Ağdam rayonundan xoş təəssüratlarla ayrılıblar.

 

Keçidlər