Ağdamda Xocalıdan olan məcburi köçkünlərlə görüş keçirilib
XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımından 27 il keçir. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. Erməni silahlılarının əlindən xilas olaraq ölkəmizin ayrı-ayrı bölgələrinə pənah gətirən Xocalıdan olan 62 ailə Ağdam rayonunda məskunlaşıb.
Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı Quzanlı qəsəbəsində Xocalı sakinləri ilə görüş keçirilib. Görüş zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğının acı nəticələrindən danışılıb. Xocalı sakinləri və xocalılıların xilas olunmasında iştirak etmiş keçmiş döyüşçülər erməni silahlılarının törətdikləri qanlı cinayətlərdən, günahsız insanların başına gətirilən müsibətlərdən bəhs ediblər.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində Xocalı qətliamı günahkarlarının haqlı cəzalarına çatacağına, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına əminliyini ifadə edib.
Görüş zamanı Xocalı sakinlərinin problemləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib. Xocalı sakinlərinə ərzaq yardımı olunub.
Sonda Ağdam Dövlət Dram Teatrının Xocalı faciəsi ilə bağlı hazırladığı kompozisiya nümayiş etdirilib.