Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr müzakirə olundu

12 fevral 2019 | 11:00

Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda 2018-ci ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin qəsəbədəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Geniş hesabat məruzəsi ilə çıxış edən Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, ötən il Ağdam rayonu üçün ən əlamətdar hadisə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 5-də rayona səfərləri olub. Səfər zamanı Prezident və birinci xanım əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun, Ağdam Muğam Mərkəzinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının və Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Səfərdən sonra dövlətimizin başçısı "Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında", "Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında" və "Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamlar imzalayıb.
Məruzədə bildirilib ki, hesabat dövründə Quzanlı qəsəbəsində və rayonun kəndlərində abadlıq-quruculuq işləri davam etdirilib. Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun və İmamqulubəyli kəndində yeni tibb məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib, Quzanlı qəsəbəsində ruhi əsəb dispanseri əsaslı təmir edilib. Mirzələr qış yatağı və Ergi adlanan ərazilərdə məcburi köçkünlərin məskunlaşdığı iki qəsəbəyə təbii qaz verilərək, rayonun qazlaşdırılması tam başa çatdırılıb. Quzanlı qəsəbəsi ərazisində  85 nömrəli tam orta məktəb üçün 96 şagird yerlik modul tipli bina quraşdırılıb. Boks və taekvando məktəbləri, polis şöbəsi, prokurorluq və elektrik şəbəkəsi üçün binaların tikintisi məqsədilə torpaq sahələri ayrılıb. Kolqışlaq-Mirəşəlli-Çıraqlı avtomobil yolunun tikintisinə başlanılıb. Hazırda Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi, təmas xəttinə yaxın olan yaşayış məntəqələrində erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində zərər dəymiş 121 evin bərpası davam etdirilir, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün yeni subartezian quyuları qazılır.
Diqqətə çatdırılıb ki, rayonda "Ağdam Nəqliyyat” MMC-nin yaradılması və bütün yaşayış məntəqələrinə marşrut xətlərinin açılması sakinlərin razılığına səbəb olub. Nəticədə əhalinin kənd və qəsəbələrdən rayonun inzibati mərkəzi olan Quzanlı qəsəbəsinə, eləcə də ayrı-ayrı yaşayış məntəqələrinə gediş-gəlişi asanlaşıb, eyni zamanda, 48 nəfər işlə təmin olunub.
Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, 2018-ci ildə 14 min 55 hektar taxıl sahəsindən 44 min 655 ton buğda, 7505 ton arpa tədarük olunub. 98 min 469 ton tərəvəz, 5923 ton kartof, 20 min 204,5 ton şəkər çuğunduru, 5822,2 ton pambıq, 17,1 ton barama istehsal edilib. Rayonda heyvandarlığın, xüsusilə cins mal-qaranın inkişaf etdirilməsi məqsədilə 2851 baş heyvan süni yolla mayalandırılıb, 1581 baş sağlam bala alınıb.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə görülən işlərdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həlli yollarından və qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, Üçoğlan kəndi-Səfərli qəsəbə, Ağcabədi rayonu Muğanlı kəndi-Ergi qəsəbə avtomobil yollarının yenidən qurulması, əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi üçün yeni subartezian quyularının qazılması və sənaye məhəlləsinin tikintisinə başlanılması qarşıda duran əsas vəzifələrdir.
Daha sonra Ağdam Kənd Təsərrüfatı İdarəsinin rəisi, Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon Şöbəsinin müdiri, Statistika İdarəsinin müdiri və rayon Memarlıq və Tikinti Şöbəsinin müdiri çıxış edərək hesabat dövründə görülən işlər və növbəti ildə qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə tədbir iştirakçıları adından müraciət oxunmuşdur.

Keçidlər