Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan gənclərinin alternativsiz namizədi

04 iyul 2013 | 10:00

Gənclik birmənalı olaraq Yeni Azərbaycan Partiyasını siyasi sistemimizin əsas sütunu kimi qəbul edir
"Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır. Ölkəmizdə siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti vardır. Biz on il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail ola bilmişik. İkinci belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Hər bir ölkə üçün bu, nümunə ola bilər".
Bu fikirləri Yeni Azərbaycan Partiyasının V qurultayında geniş nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev söyləmişdir. Bəli, bu gün fəxrlə deyə bilərik ki, son on il ərzində Azərbaycanda bütün istiqamətlər üzrə də böyük nailiyyətlər əldə edilmişdir.
Bütün bu nailiyyətlərin təməli Heydər Əliyev siyasətidir, onun müəyyənləşdirdiyi yoldur və partiyamızın ölkəmizin aparıcı siyasi qüvvəsi kimi fəallığıdır. Dahi lider Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin cənab Prezident tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, beynəlxalq miqyasda da ardıcıl uğurlar qazanırlar. Gənclər fəxr edirlər ki, mövcud hakimiyyət inkişafın Azərbaycan modelini yaradaraq yüksək və dinamik sosial-iqtisadi sıçrayışa nail olmuş, geniş beynəlxalq müqavilələr sisteminə qoşulmuş, nüfuzlu beynəlxalq təşkilatların üzvü olmuş, özünün demokratik, hüquqi dövlət imicini beynəlxalq aləmdə tam formalaşdırmışdır.
2003-cü ildə prezident seçilərkən "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam. Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam!" deyən cənab İlham Əliyevin ötən 10 ildəki fəaliyyəti aşkar şəkildə göstərdi ki, o, fəaliyyət dövrünü bu amalın reallaşmasına həsr etmiş, ulu öndərin müstəqillik və azadlıq ideyalarını dönmədən həyata keçirmiş, Azərbaycanı sosial-iqtisadi inkişaf, demokratik-hüquqi dövlət quruculuğu və siyasi sabitlik baxımından dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirmişdir. Dövlət başçısının vurğuladığı kimi, bu gün ölkəmizdə yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşübdür. Bir milyon 100 mindən çox yeni iş yeri açılıb. Son on il ərzində orta aylıq əməkhaqqı beş dəfə, orta pensiya isə səkkiz dəfə artıb. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliyə görə dünya miqyasında 46-cı yerdədir. Uğurlar isə davamlı olacaqdır. Çünki yeni proqramlar, planların hazırlanması bunu deməyə əsas verir. Prezident İlham Əliyev də bu məsələyə toxunaraq demişdir: "Bir sözlə, bizim bütün istiqamətlər üzrə konkret proqramlarımız, planlarımız, konsepsiyalarımız, icra mexanizmlərimiz vardır. O cümlədən regionlarda gedən işlərlə bağlı gələn ilin əvvəlində üçüncü dövlət proqramı icra ediləcəkdir. Birinci və ikinci proqramların icrası nəticəsində bölgələr canlandı, şəhərlər abadlaşdı, gözəlləşdi. Müasir infrastruktur yaradılır, kəndlərimiz çiçəklənir, qalxır, bütün infrastruktur, yollar, məktəblər, xəstəxanalar, olimpiya kompleksləri, qazlaşdırma, elektrik enerjisi, su xətləri, bütün infrastruktur yenilənir. Biz bütün infrastruktur sistemimizi tamamilə yeniləşdiririk ki, bundan sonra ən azı 50-100 il bax bu qurduğumuz infrastruktur insanlara xidmət göstərsin".
Dövlət başçısı partiyamızın artan nüfuzuna da toxunaraq qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Görülən bütün bu işlər, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu da artırır. Yeni Azərbaycan Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur.
Məhz siyasi iradəsi, atdığı addımlar, apardığı danışıqlar və digər üstün keyfiyyətlərinə görə cənab İlham Əliyevin namizədliyi yenə də Azərbaycan cəmiyyətinin alternativsiz sosial-siyasi sifarişidir. Prezident İlham Əliyevin çıxışı inkişafımızın növbəti hədəflərini müəyyən etməklə ölkəmizi qarşıdakı beş ildə gözləyən yeni, daha əzəmətli uğurlara hamımızın inamını artırır. Prezidentin qarşıya qoyulan vəzifələr və onların yerinə yetirilməsi ilə əlaqədar konkret proqramı əks etdirən nitqi onun bariz ifadəsidir ki, cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasəti təkcə artıq tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır.

Amil CAVADOV,
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri

Keçidlər