Azərbaycan polisi ölkədə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qarantıdır
Ağdam Rayon İcra Hakimiyyətində Azərbaycan polisinin 95 illiyi və polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Tədbirdə çıxış edənlər polis işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, ölkədə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dincliyin təmin edilməsində polisin fəaliyyətindən danışmışlar. Bildirilmişdir ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquq mühafizə orqanlarının işində dönüş yaranmış, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənmişdir.
Qeyd olunmuşdur ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqına, Vətəninə, ümummilli lider Heydər Əliyevin amallarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.
Polis veteranlarına və xidmətdə fərqlənən bir qrup polis əməkdaşına hədiyyələr verilmişdir.