Ağdam rayonununda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib
Respublikamızın hər bir guşəsində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ruh yüksəkliyi ilə qeyd olunur.
Quzanlı qəsəbəsindəki mərkəzi meydanda keçirilən ümumrayon tədbirində rayon ictimaiyyəti, əmək kollektivləri, gənclər və məktəblilər iştirak edib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov ağdamlıları əlamətdar bayramlar münasibətilə təbrik edərək, xoş arzularını çatdırıb.
Yola saldığımız 2018-ci ildə qazanılan uğurlardan bəhs edilərkən bildirilib ki, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan və Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yollarının, Quzanlı qəsəbəsində Muğam Mərkəzinin, İmamqulubəyli kəndində tibb məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Zərifə Əliyeva adına küçədə geniş abadlıq işləri aparılıb. Mirzələr qış yatağında və Ergi adlanan ərazidə məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrinə təbii qaz verilib. Bununla da rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb.
Bayram tədbirində ədəbi-bədii proqram, rəqslər və rəngarəng musiqi nömrələri nümayiş olunub. Rayonun musiqi kollektivləri, Şaxta baba və Qar qız iştirakçılara xoş ovqat bəxş ediblər.