“Ölkəmizi tanıyaq” layihəsi gənclərin dünya görüşünün formalaşdırılmasında mühüm rol oynayır
“Ölkəmizi tanıyaq” layihəsi gənclərin dünya görüşünün formalaşdırılmasında mühüm rol oynayır
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Ağdam rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya çıxıblar.
Yola düşməzdən əvvəl məktəblilərlə Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, valideynlər iştirak ediblər.
Keçirilən görüşdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək, layihənin yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasında, biliklərinin artırılmasında, vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, artıq beşinci ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Noyabrın 14-17 və 18-21 tarixlərini əhatə edəcək növbəti 10-cu tur-aksiyada 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcək.
Çıxış edənlər aksiyanın əhəmiyyətini yüksək qiymətləndirərək, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələrini veriblər. Qeyd edilib ki, tur-aksiyada iştirak edən 40 şagird, həmçinin müşayiətçi müəllimlər və 1 həkimdən ibarət heyət dörd gün ərzində Quba rayonunda Cümə məscidi, Qırmızı Qəsəbə, Quba soyqırımı Memorial kompleksi, “Azərxalça” ASC-nin Quba filialı, “ABAD Factory” İstehsalat Kompleksi, Tağlı Körpü ilə tanış olacaq, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” Turizm Mərkəzinə, Xaçmaz rayonunda isə Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Dövlət Rəsm Qalereyası, “Şəxsiyyətlər Muzeyi", Çənlibel parkına və “Şabran Şəhəri” Tarix Qoruğuna ekskursiya edəcəklər.
Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin işçiləri və valideynlər məktəblilərə tövsiyələrini verərək, “yaxşı yol” arzulayıblar.
Tur-aksiyada iştirak edən şagirdlər sonda ulu öndər Heydər Əliyevin abidəsi qarşısına tər gül-çiçək dəstələri düzərək avtobusla Quba-Qusar-Xaçmaz istiqamətində yola çıxıblar