Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda möhtəşəm “Bayraq yürüşü” keçirildi

08 noyabr 2018 | 11:00

Noyabrın 8-də Müdafiə Nazirliyi, Ağdam Rayon İcra Hakimiyyəti və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ağdam rayonunda Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” keçirilib. Yürüşdə hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak ediblər.
Yürüş iştirakçıları Quzanlı qəsəbəsində ulu öndər Heydər Əliyevin abidəsinin və Şəhidlər abidə kompleksinin önünə gül dəstələri qoyublar. Dörd min nəfərdən çox insanın iştirak etdiyi yürüş Quzanlı qəsəbəsinin Heydər Əliyev prospekti boyunca Dövlət Bayrağı Meydanına qədər davam edib. Yürüş zamanı hərbi orkestrin ifasında marşlar səsləndirilib.
Dövlət Bayrağı Muzeyinin qarşısındakı parkda davam edən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov əlamətdar gün münasibətilə Ağdamlıları təbrik edib, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza ehtiram göstərməyi özünün müqəddəs borcu hesab edir. Ölkəmizin bütün bölgələrində bayraq meydanlarının və muzeylərinin inşa edilməsi xalqımızın dövlət bayrağına olan sevgi və hörmətinin təcəssümüdür.
Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Dünya Azərbaycanlılarının Mədəniyyəti Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov, Rusiya Federasiyası Dövlət Dumasının məsul əməkdaşı Ramin Qasımov, Milli Qəhrəman Samir Xasıyevin anası Gözəl Xasıyeva və başqaları tədbirdə çıxış edərək, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən üçrəngli bayrağımızın 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında yenidən qaldırıldığını bildirib, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına və Azərbaycan bayrağının Qarabağda dalğalanacağına əminliklərini ifadə ediblər.
Sonra N saylı hərbi hissənin əsgərləri döyüş hazırlığı səviyyəsini göstəriblər. Tədbir konsert proqramı ilə davam edib. Rayon məktəbliləri bayrağa həsr olunan şeirlər söyləyib, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının, görkəmli tarzən, Xalq artisti Ramiz Quliyevin və Əməkdar artist Elza Seyidcahanın çıxışları böyük coşqu ilə qarşılanıb.

 

Keçidlər