Ağdamda yeni tikilən məktəb və əsaslı təmir olunan körpələr evi-uşaq baxçası istifadəyə verilib
Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov yeni tikilən 260 şagird yerlik Bənövşələr tam Orta məktəbinin və əsaslı təmir olunan 35 uşaq yerlik olan Bənövşələr köçkün qəsəbə körpələr evi – uşaq baxçasının açılış tədbirlərində iştirak etmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı ilə yanaşı hüquq mühafizə orqanlarının rəhbərliyi, Ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər. Açılış tədbirində məktəbin və uşaq baxçasının rəhbərləri çıxış edərək gələn qonaqları salamlamış, ölkəmizdə təhsil və təhsiləqədər müəssisələrin maddi texniki bazasının yüksəldilməsi üçün atılan addımlardan danışaraq, bütün bu görülən işlərə, yeni yeni məktəblərin və baxçaların tikilərək istifadəyə verilməsinə görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov tədbirdə çıxış edərək, təhsil müəssisəsinin əməkdaşlarını, şagirdləri və valideynləri təbrik edərək, onlara uğurlar arzu etmişdir. Qeyd etmişdir ki, ölkə rəhbərliyi tərəfindən bütün sahələrə olduğu kimi təhsil sahəsinə də daim diqqət və qayğı ilə yanaşılır. Bütün bunların nəticəsidir ki, hər gün yeni-yeni məktəblər, baxçalar tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilir. Digər çıxış edənlər bütün bu görülən işlərə görə başda cənab prezidentimiz İlham Əliyev olmaqla rayon rəhbərliyinə öz dərin təşəkkürlərini bildirmişlər. Şagirdlərin və uşaqların ifasında şeer parçaları səsləndirildikdən sonra məktəbə və baxçaya baxış keçirilib.