Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın dövlət müstəqilliyinin 27 – ci ildönümü respublikamızın hər yerində olduğu kimi Ağdam rayonunda da qeyd edilib

18 oktyabr 2018 | 11:00

Tədbirdən əvvəl Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və hüquq mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Ağdam Dövlət Dram Teatrında keçirilən tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş geniş məruzə  dinlənilib. Məruzədə Azərbaycanın keçdiyi tarixi yola nəzər salınmış, qarşılaşdığı çətinliklərə baxmayaraq yenidən öz tarixi zəfərini – müstəqilliyini qazandığı vurğulannmışdır. Digər çıxış edənlər 27 il əvvəl dövlət müstəqilliyinin bərpasından, Azərbaycanın həmin dövrdə qarşılaşdığı təhlükələrdən, respublikamızın çətin, lakin şərəfli müstəqillik yolundan danışıblar. Çıxışlarda 1990-cı illərin əvvəllərində ölkədəki ictimai-siyasi proseslər, hökm sürən özbaşınalıq, xaos və anarxiya, Ermənistanın apardığı qəsbkarlıq müharibəsi, torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsi bir daha xatırlanıb. Bildirilib ki, xalqımızın və dövlətimizin belə bir çətin vaxtında – 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi qorunub saxlanılıb və möhkəmləndirilib, dövlət quruculuğu və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası sahəsində mühüm işlər görülüb.
Tədbirin rəsmi hissəsinin sonunda Azərbaycan Respublikası Prezidenti tərəfindən Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Ağdam rayon İcra Hakimiyyəti başçısının Nəmirli inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tanrıverdiyev Qurban Hüseyn oğluna medal təqdim edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Bayram tədbiri Azərbaycanın dövlət müstəqilliyinin 27 illiyi münasibətilə Şur ansamblının ifasında xalq və bəstəkar musiqilərindən ibarət konsert proqramı ilə yekunlaşıb.

Keçidlər