Vətənpərvər gənclər işıqlı sabahımızdır
...Onunla dəfələrlə görüşüb həmsöhbət olmuşuq. Yaraşıqlı boy-buxunu, danışdıqca açılan zəngin daxili aləmi, yüksək intellektual səviyyəsi, Qarabağın təbiətindən doğan suyuşirinliyi və qibtə olunacaq nəzakəti onunla təmasda olan hər kəsdə xoş təəssürat yaradır.
İstər-istəməz düşünürsən ki, belə qabiliyyətli, vətəninə, torpağına, dövlətinə qırılmaz tellərlə bağlı gəncləri olan bir ölkənin sabahı daha işıqlı, daha firavan olacaqdır. Onu Ağdamda hamı yaxşı tanıyır. Nəinki sakini olduğu rayonun, eləcə də böyük bir bölgənin ictimai-siyasi həyatında son dərəcə fəal iştirakı ilə həmişə diqqət mərkəzində olur.
Söhbət Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadovdan gedir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında və digər sahələrdə gənclərin fəal iştirakı üçün geniş imkanlar yaratmışdır. Bu imkanlardan bacarıqla bəhrələnən on minlərlə azərbaycanlı gəncdən biri olan Amil Cavadov bu ölkəyə vətəndaş olmağından həmişə qürur duyur.
Dövlət gənclər siyasətinin fəal daşıyıcısı olan Amil Cavadov üzərinə düşən vəzifənin məsuliyyətini yüksək qiymətləndirir:
- Dövlət gənclər siyasətinin ana xəttini gənclərimizin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında, xalqımızın şanlı tarixinə, adət-ənənələrinə və mədəni irsinə hörmət ruhunda tərbiyəsi təşkil edir. Hər bir yeniyetmə və gəncin vətənpərvərlik tərbiyəsi isə onun doğulub boya-başa çatdığı torpağa, yurda nə dərəcədə bağlı olmasından çox asılıdır. Ağdam rayonunun ümumi ərazisinin 77 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Torpağımıza vurulan yaralar elə ürəyimizə vurulan yaralar qədər ağırdır. Doğma yurd yerləri düşmən tapdağında olan bir rayonun gənclərini vətənpərvərlik ruhunda tərbiyə etmək bizim əsas qayğımızdır. Biz YAP Ağdam Rayon Təşkilatı Gənclər Birliyi olaraq ürəyi düşmənə hədsiz nifrət hissi ilə döyünən, dövlətinə, xalqına sədaqətli vətənpərvər gənclər yetişdirməklə şərəfli borcumuzu yerinə yetiririk. Apardığımız uğurlu və məqsədyönlü siyasi-ideoloji işin nəticəsidir ki, bu gün cəbhə bölgəsi olan Ağdamda torpağına, elinə-obasına qırılmaz tellərlə bağlı vətənpərvər bir nəsil yetişməkdədir. Qarabağlı gənclər ölkə gəncliyinin ən böyük hamisi olan respublika Prezidenti İlham Əliyevin müdrik daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyirlər. Biz sülh tərəfdarıyıq, işğal altındakı torpaqlarımızın qan tökülmədən boşaldılmasını istəyirik. Amma müharibəyə də hazırıq. Ali Baş Komandanın əmrinə müntəzirik. Belə bir əmr olarsa, Qarabağın azadlığı uğrunda müqəddəs savaşın ilk cərgəsində ağdamlı gənclər olacaqdır.
YAP Ağdam Rayon Təşkilatı Gənclər Birliyinin iş qrafiki çox zəngindir. Gənclər vaxtaşırı rayon ərazisindəki hərbi hissələrin qonağı olur, əsgərlərlə maraqlı görüşlər keçirirlər. Belə görüşlər bayram günlərinə təsadüf edəndə əsgərlərə xüsusi sovqatlar da aparılır. Heç şübhəsiz, hərbçilərə ruhi qida verən musiqinin müşaiyəti ilə. Xidmətdə fərqlənən əsgərlərə YAP Ağdam Rayon Təşkilatı Gənclər Birliyi tərəfindən fəxri fərmanların, qiymətli hədiyyələrin verilməsi isə belə görüşləri unudulmaz tarixə çevirir. Amil Cavadov qeyd edir ki, bu təşəbbüslərin uğurla həyata keçməsində Ağdam rayon rəhbərliyinin dəstəyi, himayədarlığı olmuşdur.
Amil Cavadov Ağdamda anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetini müvəffəqiyyətlə bitirərək ordu sıralarında nümunəvi qulluq etmişdir. Əmək fəaliyyətinə elə YAP Ağdam Rayon Təşkilatında təlimatçı kimi başlamışdır. İndi YAP-ın rayon təşkilatında Gənclər Birliyinin sədri olmaqla yanaşı Ağdam Raron İcra Hakimiyyəti aparatında informasiya təminatı və təhlil sektorunda çalışır. Amil Qarabağ həqiqətlərinin, düçar olduğumuz problemlərin beynəlxalq aləmə çatdırılmasında sosial şəbəkələrin imkanlarından da bacarıqla yararlanır. Gənclər Birliyinin təşəbbüsü ilə bir qrup gənc Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar çoxsaylı beynəlxalq təşkilatlara, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinə müraciətlər ünvanlamışdır. 1500-dən artıq elektron ünvana göndərilən müraciətdə Ağdam rayonunun tarixi, coğrafiyası, memarlıq və mədəniyyət abidələri, rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi barədə ingilis və rus dillərində məlumatlar yer almışdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması haqqında qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilməməsi və Azərbaycan ərazilərinin işğal altında qalmasının təəssüf hissi ilə qeyd olunduğu müraciət bu sözlərlə başa çatır: "Biz, ağdamlı gənclər doğma şəhərimizə qayıtmaq, orada yaşamaq istəyirik. Əminik ki, dünya birliyi bizim haqq səsimizi eşidəcək, Ağdamın işğaldan azad olunması istiqamətində tədbirlər görəcəkdir".
Amil Cavadov həm də novator bir gəncdir. Onun irəli sürdüyü faydalı təşəbbüslər həmişə ali məqsədə, dövlətçiliyə xidmətə hesablanır. Qeyd edir ki, bütün təklifləri rayon icra hakimiyyəti tərəfindən maraqla qarşılanır və tam dəstəklənir. 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə YAP Ağdam Rayon Təşkilatı Gənclər Birliyinin həyata keçirdiyi məqsədyönlü tədbirin xoş sorağı hələ də söhbətlərin mövzusudur. Xeyli sayda yeniyetmə və gənc rayon ərazisindəki məcburi köçkün qəsəbələrinə üz tutaraq "Hər evə bayraq" aksiyası keçirdi. Aksiya çərçivəsində hər evə bir bayraq və dövlət bayrağı haqqında məlumatları əks etdirən bukletlər paylandı. Bu tədbirin əhəmiyyətini şərh etməyə, heç şübhəsiz, ehtiyac yoxdur.
Qaynar gənclik çağını yaşayan Amil respublika Prezidenti İlham Əliyevlə görüşünü ömrünün unudulmaz anı hesab edir. Belə görüşlərdən biri Şəkidə məcburi köçkünlər üçün salınan qəsəbədəki orta məktəbin açılışında, digəri isə Tərtər rayonunda Gənclər Mərkəzində olub. Tərtərdəki görüşdə torpağı işğal altında olan Qarabağ gənci kimi Prezidentə münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda Ermənistanın mövqeyinə münasibəti barədə sual verən Amil Cavadov aldığı cavabı bütün Azərbaycan gəncliyinə tövsiyə kimi qiymətləndirir. Bir qarış torpağın da güzəşt edilməyəcəyini dönə-dönə bəyan edən dövlət başçısının prinsipial və qətiyyətli mövqeyi Amilin həyata baxışında yeni üfüqlər açır, onun qələbənin tezliklə reallaşacağına inamını daha da artırır. Dövlət başçısı ilə görüşdən aldığı qürurverici təəssüratları Amil cəbhə bölgəsində kənd-kənd gəzib gənclərlə paylaşır, onların vətənpərvərlik ruhuna yeni stimullar verir.
Cəbhə bölgəsi olan Ağdamda gənclərin fəal vətəndaş mövqeyi ölkədə uğurla reallaşan dövlət gənclər siyasətinin parlaq təzahürü kimi hər kəsdə xoş duyğular oyadır. Vətənpərvər gənclərin varlığı üzümüzə açılan səhərlərin daha nurlu olacağını şərtləndirir.