Ağdamda Azərbaycan Gəncləri Günü qeyd olunmuşdur
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, rayon gəncləri əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət etmiş, önünə çiçək dəstələri düzmüşlər. Rayon icra hakimiyyəti başçısının müavini Rövşən Hüseynov, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının sədri İsgəndər Quliyev, rayon gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov, təşkilatın Gənclər Birliyinin sədri Amil Cavadov və başqaları tədbirdə çıxış edərək gəncləri əlamətdar bayram münasibətilə təbrik etmiş, ölkədə həyata keçirilən gənclər siyasətindən, rayonun ictimai-siyasi həyatında gənclərin rolundan danışmışlar. Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daim gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların dövlət quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradılmışdır. Tədbirdə YAP sıralarına yeni daxil edilmiş bir qrup gəncə üzvlük vəsiqələri, rayonun ictimai həyatında fərqlənmiş gənclərə fəxri fərman və hədiyyələr verilmişdir.