Ağdamda pambığın becərilməsində aqrotexniki tədbirlərin təşkilinə həsr olunan müşavirə keçirilib
Kənd Təsərrüfatı Nazirliyi iyulun 17-də Ağdam rayonunun Quzanlı qəsəbəsində “Pambığın becərilməsində aqrotexniki tədbirlərin təşkili” mövzusunda müşavirə keçirib.
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin, rayonun aidiyyəti idarə və təşkilatlarının nümayəndələrinin, pambıqçılıqla məşğul olan fermerlərin, torpaq mülkiyyətçilərinin, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan müşavirədə əsas diqqət Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci il martın 26-da Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində verilən tapşırıqların icrası məsələlərinə yönəldilib.
Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev müşavirəni açaraq pambığın becərilməsi dövründə mütəxəssislərin iştirakı ilə keçirilən tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, pambıqçılığın inkişafı istiqamətində rayonda görülən işlər, mövcud vəziyyət barədə məlumat verib. Bildirilib ki, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda bu il 3100 hektar sahədə çiyid səpilib. Hazırda becərmə işlərini uğurla həyata keçirən pambıqçılıqla məşğul olan fermerlər 6200 tondan artıq məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və perspektivlər” mövzusunda çıxış edərək, nazirlik tərəfindən bu sahədə görülmüş işlər və qarşıda duran hədəfləri diqqətə çatdırıb. Bildirib ki, bu gün ixracyönümlü məhsulların, o cümlədən pambıqçılığın inkişafı istiqamətində ölkədə ardıcıl tədbirlər görülür. Bu sahədə potensial imkanlar səfərbər edilib. Prezident İlham Əliyev Bərdədə keçirilən müşavirədə məhsuldarlığın yüksəldilməsini mühüm vəzifə kimi qarşıya qoyub. Pambığın satınalma qiymətinin artırılması, texnika ilə, mineral gübrələrlə təminat və bu sahələrdəki güzəştlər, müasir texnologiyaların tətbiqi fermerlərə geniş imkanlar verir. Odur ki, qarşıda duran əsas məqsəd becərmə işlərini intensiv yolla, düzgün və vaxtında aparmaqla pambıq istehsalında yüksək məhsuldarlığa nail olmaqdır.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Ələddin Eyvazov “Bitki mühafizə vasitələrindən səmərəli istifadənin təşkili”, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti” mövzularında çıxışlar ediblər. Fermerlərə Azərbaycanda becərilən pambıq sortları, pambıqçılıqla bağlı torpağın səpinə hazırlanması, növbəli əkin, dondurma şumu, arat, mineral və üzvi gübrələrin verilməsi, toxumluq çiyidin səpinə hazırlanması, səpinin aparılması qaydaları, pambığın becərilmə texnologiyası: seyrəltmə, kətmənləmə, kultivasiya, eləcə də pambıq bitkisinin suvarılması, xəstəlik və zərərvericilərlə mübarizə, pestisitlərdən istifadə və sair haqqında ətraflı məlumat və məsləhətlər verilib.
Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.