Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümummilli lider Heydər Əliyev və Dağlıq Qarabağ” mövzusunda konfrans keçirilmişdir

10 may 2018 | 11:00

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Ağdam rayonunda 10 may 2018-ci il tarixində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev və Dağlıq Qarabağ” mövzusunda konfrans keçirilmişdir.
Konfransda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Fövqəladə Hallar Nazirliyinin və Ağdam rayon İcra Hakimiyyətinin məsul işçiləri, həmçinin FHN-in Qarabağ bölgəsində fəaliyyət göstərən qurumlarının əməkdaşları və Ağdam rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə, konfrans iştirakçıları Ağdam rayonunun Quzanlı qəsəbəsində ulu öndər Heydər Əliyev abidəsinin önünə gül dəstələri qoyaraq Dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Konfrans Ağdam rayon Mədəniyyət evində Dövlət himninin səslənməsi ilə başlanmışdır.
Tədbiri açan Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Ümummilli liderin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi -xronoloji nəzər salmış, Azərbaycana rəhbərlik etdiyi 34 illik dövrdə gördüyü işlərin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, bu illər ərzində ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Dahi Rəhbərin adı ilə bağlıdır. Ermənilərin Dağlıq Qarabağa olan haqsız iddialarına və məkrli fəaliyyətlərinə qarşı mübarizə Ulu Öndərin həyatının əsas qayəsindən birini təşkil etmişdir. Hələ Sovet hakimiyyəti illərində erməni millətçilərinin Dağlıq Qarabağa olan iddiaları Tarixi Şəxsiyyətin müdrik və uzaqgörən siyasəti ilə qətiyyətlə alınmış, Dağlıq Qarabağı Azərbaycana iqtisadi və mədəni cəhətdən bağlamaq üçün 70-ci illərdə Bakı-Xankəndi dəmir yolu xətti, Azərbaycan Pedoqoji Universitetinin Xankəndi filialı və  Vaqifin abidəsinin açılışı kimi bir çox uzaqgörən işlər həyata keçirilmişdir. 1978-ci ildə ermənilərin Dağlıq Qarabağa gəlmə olduqlarını sübut etmək üçün Xankəndində ermənilərin Qarabağa gəlişinin 150 illiyini sübut edən abidənin qoyulması erməni iddialarına qarşı ən müdrik fəaliyyətlərdən biri idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasının qarşısını almışdır.
Natiq bildirmişdir ki, Ulu Öndər müstəqillik illərində də Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. O, çıxışının sonunda qeyd etmişdir ki, göstərdiyi əvəzsiz xidmətlərə görə Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev Ümummilli Liderin Azərbaycan naminə titanik siyasi fəaliyyətinə geniş nəzər salmış, qeyd etmişdir ki, bugünkü müstəqil və güclü Azərbaycan Ulu öndərin şah əsəridir. Dünya şöhrətli siyasətçi Heydər Əliyev SSRİ rəhbərliyində – Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi müddətdə erməni şovinistlərinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında cəhdlərini qətiyyətlə dəf etmişdi. Lakin keçmiş Sovet İttifaqında “yenidənqurma”nın müəllifi M.Qorboçovun məkrli siyasəti nəticəsində Heydər Əliyev ölkə rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ermənilər və onların havadarlarının əl-qolu açıldı.
Natiq bildirmişdir ki, Dahi şəxsiyyət Azərbaycanın milli tarixi ilə sıx bağlı olmuş, öz taleyini Azərbaycan xalqının xoşbəxt və firavan gələcəyinə sərf etmişdir. Azərbaycan xalqı daim ona inanmışdır. Məhz 1993-cü ildə Azərbaycan xalqının israrlı tələbi ilə yenidən hakimiyyətə qayıtmış və xalqını həyata keçirdiyi müdrik siyasətlə bəlalardan qurtarmış və dövlətimizi davamlı və rəvan inkişafı yoluna çıxarmışdır. Bu gün onun müdrükcəsinə müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da çıxış edərək Azərbaycan xalqının Böyük Oğlunun dövlətçiliyimizin möhkəmləndirilməsi, Qarabağın milli-mədəni sərvətlərinin mühafizəsi ilə bağlı həyata keçirdiyi tarixi tədbirlərdən söz açmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədaləti həlli üçün göstərdiyi əvəzsiz xidmətlərdən danışmışdır.
Daha sonra tədbir konsert proqramı ilə davam etmişdir. Konsert proqramında Azərbaycanın gənc istedadlı musiqiçisi drijor Cavad Tağı-Zadənin və Xəzər Univerisitetinin professoru Zülfiyyə Sadıqovanın bədii rəhbərliyi ilə Xəzər Universiteti Kamera Orkestrinin Azərbaycan bəstəkarlarının bəstələrindən ibarət əsərlər dinlənilmişdir.

Keçidlər