Ağdamda Prokurorluq Orqanlarının Peşə bayramı qeyd edilib
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra tədbir Ağdam rayon İcra Hakimiyyətində dəyirmi masa ətrafında davam etdirilib. İlk öncə Ağdam rayon Prokuroru Rəfail Zeynalov məruzə ilə çıxış edərək ölkəmizdə və rayonumuzda Prokurorluq orqanlarının fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinə müvafiq olaraq, 1998-ci ildən etibarən peşə bayramı gününü qeyd etmək imkanı əldə edən Azərbaycan Prokurorluğunun kollektivi oktyabrın 1-də prokurorluq orqanlarının yaradılmasının 99-cu ildönümünü və peşə bayramını təntənəli şəkildə qeyd edib. Diqqətə çatdırılıb ki, xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin 1993-cü ilin ikinci yarısından başlayaraq həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilib, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun yerini tutub.